Ötən il məktəbəqədər təhsil müəssisələrində çalışan 11,2 min tərbiyəçi-müəllim və metodist pedaqoji heyətin peşəkarlıq səviyyəsi və peşə yararlılığının yoxlanılması məqsədilə diaqnostik qiymətləndirməyə cəlb edilib. Növbəti mərhələdə onlar sertifikasiya imtahanından keçəcəklər.
Bu kimi qiymətləndirmə proseslərindən sonra bağçalarda müsbət və mənfi mənada hansı dəyişiklikləri görə biləcəyik?
ADPU-nun Təlim-Tədris Mərkəzinin müdiri, p.ü.f.d, məktəbəqədər təhsil üzrə mütəxəssis Xalidə Musayeva AzEdu.az-a mövzu ilə bağlı açıqlamasında bildirib ki, diaqnostik qiymətləndirmə illərdir öz üzərində işləməyən bəzi müəllimləri silkələdi:
Uzun illərdir ki, məktəbəqədər təhsil müəssisələrində təhsilin keyfiyyətini artırmaq üçün işlər aparılır. Lakin bu işlərin nəticəsini ölçmək üçün hər hansı bir metod mövcud deyildi. İşin nə qədər düzgün aparıldığı, yekunda hansı dəyişikliklərin edilməsi lazım gəldiyi, çatışmazlıqlar və üstün cəhətlər məlum deyildi. Bu boşluq isə səhlənkarlığa səbəb olur, öz üzərində işləməyən və buna ehtiyac da duymayan, “onsuz da bizi yoxlayan yoxdur” düşüncəsi ilə hərəkət edən bir “müəllim ordusu”nun formalaşmasına gətirib çıxarırdı.
Son illərdə isə rəqabətli mühit yaradan bir proses başlayıb. Artıq müəllimlər bir-biri ilə yarışaraq, “Mən daha yaxşı bal toplayacağam”, “Mən daha yaxşı olacağam” deyərək uğura doğru addımlayırlar. Diaqnostik qiymətləndirmə illərlə öz üzərində işləməyən bəzi müəllimləri silkələdi. İmtahan vermək qorxusu onlarda “yatmış” məsuliyyəti oyatdı.
Diaqnostik qiymətləndirmə zamanı heç kimin əmək müqaviləsinə xitam verilməməsi müəllimlərdə müəyyən rahatlıq yaratsa da, sertifikasiya prosesində artıq onlar məcburdurlar ki, davamlı olaraq öz üzərlərində işləsinlər. Sertifikasiyada müəllimləri motivasiya edən bir çox amil var. Müəllim kitablar oxuduqca, istər-istəməz əldə etdiyi bilikləri, eşitdiklərini və şüuraltında yerləşdirdiyi məqamları qrupda uşaqlarla tətbiq etməyə başlayır. Bu da tədris prosesinə müsbət təsir göstərir.
Bununla yanaşı, sertifikasiyanın mənfi tərəfi də mövcuddur. Bu prosesdə müəllim dərs oxumağa, kitablara və imtahan həyəcanına fokuslanaraq müəyyən müddət pedaqoji prosesdən uzaq qalmaq məcburiyyətində olur. Lakin bu hal bütün müəllimləri əhatə etmir, çünki hər kəs imtahana eyni şəkildə hazırlaşmır.
Müəllim oxuduqca, təlimlərə qoşulduqca özündə məsuliyyət hiss edir və özünə çıxış yolu tapmaq üçün müəllimlərə, təlimçilərə müraciət edir. Onların öyrənmə arzusu iş potensiallarını artırır. Müəllimlərin qiymətləndirilməsindən alınan yekun cavab dövlət qurumlarına və təhsillə məşğul olan insanlara monitorinq aparmaq üçün datalar verir. Bu datalar isə gələcəkdə prosesi dəyişməyə, yeniləşdirməyə böyük təkan verir”.