“Ömrün uğurlu bünörvəsi” kitabının online versiyasını səhifəmizdən yükləyə bilərsiniz.
Kitab bp və onun Azəri-Çıraq-Günəşli, Bakı-Tbilisi-Ceyhan, Şahdəniz və Cənubi Qafqaz Boru Kəməri layihələrindəki tərəfdaşları - “SOCAR”, “TPAO”, “PETRONAS”, “MOL”, “LUKOİL”, “NİCO”, “Equinor”, “İNPEX”, “ExxonMobil”, “SGC”, “İTOCHU”, “ONGC”, “TOTAL”, “Eni” – tərəfindən maliyyələşdirilən və AzEdu tərəfindən icra edilən “Şəxsiyyətin 1 yaşından başlayaraq formalaşma metodları” layihəsi çərçivəsində ərsəyə gəlib.
Kitabın əsas məqsədi gənc valideynləri həm reproduktiv sağlamlıq baxımından, həm də öz övladlarını 7 yaşa qədər böyütdükləri zaman onlar üçün hərtərəfli, maraqlı tövsiyyələrlə zəngin resurslarla təmin etməkdir.
Professor Əhməd Qəşəmoğlunun rəhbərlik etdiyi müəlliflər heyətinin əsas məqsədi hazırda Azərbaycanda böyüməkdə olan uşağın müasir tələblər baxımından formalaşmasına yardım edə biləcək, elmi-populyar dildə, uyğun illustrasiyalarla verilmiş tövsiyyələrdən ibarət məzmunlu, elmi əsaslarla yaradılmış kitabı ərsəyə gətirmək olub.
Kitabın müəllifləri təhsil, psixologiya, tibb, sosiologiya sahələrinin tanınmış alimlərdirlər: Sosioloq – alim Əhməd Qəşəmoğlu, Təhsil İnstitutunun şöbə müdiri Laləzar Cəfərova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Məftunə İsmayılova, “ADA Universiteti”nin müəllimi Ülviyyə Mikayılova, ADPU-nun müəllimi Xalidə Musayeva, Azərbaycan İlahiyyat İnstitutunun müəllimi Anar Qafarov, psixoloq Ramidə Məmmədova, məktəbəqədər təhsil müəssisəsinin rəhbəri Azadə Əhmədova.
“Ömrün uğurlu bünörvəsi” kitabı uşaqların məktəbəqədərki dövründə təlim-tərbiyə işlərinin daha mükəmməl, müasir tələblərə, elmi tövsiyyələrə uyğun olaraq qurulması üçün elmi-populyar dildə hazırlanıb.
Kitab həm valideynlər, həm də məktəbəqədər təhsil sisteminin təşkilatçıları, uşaq bağçaları müəllimləri üçün nəzərdə tutulur.