2025-ci ilin payız semestri ABŞ ali təhsil müəssisələri üçün son illərin ən çətin dövrlərindən biri kimi yadda qalıb.
AzEdu.az xarici KİV-ə istinadən xəbər verir ki, ölkə üzrə universitetlərin yaydığı son statistika ilk dəfə ABŞ-a daxil olan yəni “yeni” beynəlxalq tələbələrin sayında diqqətçəkən və kəskin azalma olduğunu göstərir. Təhsil ekspertləri bu geriləməni 2025/26-cı tədris ilinin ən böyük enişi kimi qiymətləndirir və vəziyyətin sektor üçün ciddi siqnallardan biri olduğunu bildirirlər.
Mütəxəssislərin sözlərinə görə, baş verən azalmanın əsas səbəbləri son bir il ərzində ABŞ-in immiqrasiya və viza siyasətinə edilən dəyişikliklərlə əlaqəlidir. ABŞ səfirlik və konsulluqlarında tələbə vizalarının verilməsi prosesində yaranan gecikmələr minlərlə gəncin semestrə vaxtında yetişməsinə mane olub. Bəzi ölkələrdə viza müsahibələrinin tarixləri aylarla sonraya təyin edilib, bu isə namizədlərin tədris ilinə qatılmasını faktiki olaraq mümkünsüz edib.
Bundan başqa, artıq təsdiq almış bir çox tələbənin vizası son anda ləğv edilib və ya onlar əlavə təhlükəsizlik yoxlamalarına cəlb olunublar. Yeni qaydalara əsasən, müraciət edən şəxslərin rəqəmsal izləri, xüsusilə sosial media profilləri daha sərt şəkildə incələnir. Bu tələblər müraciət prosesini həm uzadıb, həm də daha mürəkkəb hala gətirib.
Üniversitet rəhbərlikləri isə yaranmış vəziyyətin maliyyə nəticələrindən ciddi narahatdır. Beynəlxalq tələbələrdən gələn təhsil haqları bir çox ali təhsil müəssisələrinin əsas gəlir mənbələrindən biridir. Yeni qəbulun azalması bəzi universitetlərdə büdcə kəsirləri, təqaüd proqramlarında ixtisarlar və tədqiqat layihələrinin ləngiməsi ilə nəticələnə bilər. Kiçik regional universitetlər və icma kollecləri bu təsirləri daha kəskin hiss etdiklərini bildirirlər.
Eyni zamanda, müraciət prosesindəki qeyri-müəyyənlik və sərt viza tələbləri namizədləri alternativ ölkələrə yönəldir. Kanada, Böyük Britaniya, Almaniya və Avstraliya hazırda beynəlxalq tələbələr üçün daha əlçatan və sabit seçim kimi görünür. Bu isə ABŞ-in uzun illərdir lider olduğu qlobal təhsil bazarında rəqabət üstünlüyünü zəiflədə bilər.
Təhsil analitikləri bəyan edirlər ki, əgər immiqrasiya prosesləri gələcək aylarda da eyni şəkildə davam edərsə, qarşıdakı illərdə yeni beynəlxalq tələbə qəbulunun daha da azalacağı istisna deyil. Bu isə həm ali təhsil sektorunun maliyyə dayanıqlığına, həm də ölkənin beynəlxalq səviyyədə akademik nüfuzuna ciddi təsir göstərə bilər.