Association of Secondary Teachers, Ireland (ASTI) təşkilatının 2025-ci ilin noyabrında verdiyi açıqlamaya əsasən, İrlandiyada ali məktəblərə qəbul üçün keçirilən Leaving Certificate imtahanlarında uzun illərdir tətbiq olunan “post-marking adjustment” (imtahan qiymətlərinin sonradan ümumi miqyasda yuxarıya tənzimlənməsi) sistemi 2026-cı ildən etibarən tədricən aradan qaldırılacaq.
AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, bu qərar COVID-19 pandemiyası dövründə tələbələrin üzləşdiyi qeyri-bərabər şəraitə uyğun olaraq tətbiq edilmiş qiymət yumşaldılması siyasətinin artıq ədalətli və davamlı qiymətləndirmə prinsiplərinə uyğunlaşdırılması məqsədi daşıyır. ASTI bildirir ki, 2026-cı ildə keçiriləcək Leaving Certificate imtahanlarında nəticələr pandemiya öncəsi- 2020-ci il səviyyəsinə yaxınlaşdırılacaq, yəni qiymətlərin süni şəkildə yüksəldilməsi praktikasına son veriləcək.
Planlaşdırmaya görə, 2027-ci ildə bu keçid tam başa çatacaq və ölkədə qiymətləndirmə sistemi tamamilə normal, akademik performansa əsaslanan şəffaf çərçivəyə keçəcək. Eyni zamanda, orta təhsil səviyyəsində tətbiq olunan Junior Cycle proqramında da islahatlar nəzərdə tutulur. Şagirdlərin Classroom-Based Assessment (CBA) adlanan qiymətləndirmə tapşırıqlarının sayı azaldılaraq yalnız bir CBA tələb olunacaq.
Təhsil ekspertlərinin fikrincə, bu dəyişikliklər İrlandiya təhsil sistemində daha real, rəqabətədavamlı və bərabər qiymətləndirmə mühitinin formalaşmasına xidmət edəcək. Bununla yanaşı, müəllimlər və məktəblər imtahan nəticələrinin sabitləşməsi və tələbələrin üzərindəki psixoloji təzyiqin azalacağını gözləyirlər.