Xarici kvalifikasiyalarının tanınması üzrə müraciət edilən ölkələr arasında ən çox Türkiyə dövləti yer alır.
AzEdu.az xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Tural Əhmədov ATV telekanalında yayımlanan "Xəbərin olsun" verilişində çıxışı zamanı bildirib.
Bu tendensiya zamanla dəyişir və müxtəlif parametrlər nəzərə alınmalıdır:
"Ən çox müraciət olunan ölkə qardaş Türkiyədir. Bizdə olan statistikaya görə, qarşı tərəfin təqdim etdiyi rəqəmlərə əsasən, təxminən 45 min vətəndaşımız təhsilini orada davam etdirir. Təbii ki, arzu edirik ki, onlar ən yaxşı aparıcı universitetlərdə təhsil alsınlar. Bundan başqa, Rusiya Federasiyası, Ukrayna və Gürcüstandan gələn kvalifikasiyalar da diqqətə alınır".
Tələbələrimizin ən çox harada oxuması müraciət sayını müəyyən edir:
"Burada əsas yanaşma ondan ibarət deyil ki, ən çox müraciət edilən ölkə ən çox tələbəmizin oxuduğu ölkədir. Bu yalnız bir parametr ola bilər. Amma ümumi mənzərəyə baxdıqda, son dövrlər Böyük Britaniya və Avropanın bir çox ölkələri də ön plana çıxır. Məsələn, Macarıstan və Polşada oxuyan tələbələrimizin sayı artmaq üzrədir".