Portuqaliyada təhsil sistemi hazırda ciddi struktur problemlərlə üzləşir.
AzEdu.az xarici KİV-ə istinadən xəbər verir ki, ölkə üzrə təxminən 480 məktəb qrupunda müəllim çatışmazlığı müşahidə olunur. Bu qruplardan 12-si elə vəziyyətdədir ki, orada ən azı 10 dərs saatı boş qalır, yəni həmin fənlər üzrə müəllim təyin edilə bilmir.
Bu vəziyyət xüsusilə paytaxt Lissabon ətrafında və mərkəzi regionlarda daha kəskindir. Təhsil ekspertləri xəbərdarlıq edirlər ki, davam edən çatışmazlıq şagirdlərin tədris keyfiyyətinə mənfi təsir göstərir və bəzi məktəblərdə dərs proqramlarının tam yerinə yetirilməsini mümkünsüz edir.
Təhsil-elmi innovasiya naziri Fernando Alexandre məsələ ilə bağlı açıqlamasında bildirib ki, hökumət vəziyyəti yaxından izləyir və problemlərin sistemli şəkildə həlli üçün yeni tədbirlər planı hazırlayır. Nazir vurğulayıb ki, 2026-cı il üçün dövlət büdcəsində təhsil, ali təhsil və elmi tədqiqat sahələrinə ayrılan vəsaitin 6% artırılması nəzərdə tutulur.
Onun sözlərinə görə, bu artım yalnız maaşların indeksasiyası ilə məhdudlaşmayacaq; eyni zamanda yeni müəllimlərin işə cəlbi, məktəblərin infrastrukturunun yenilənməsi və ali təhsil müəssisələrində elmi layihələrin maliyyələşdirilməsi istiqamətində istifadə olunacaq.