Hollandiyada ali təhsil müəssisələrində xarici tələbələrin qəbulunda son dövrlərdə nəzərəçarpan azalma müşahidə olunur. “Universiteiten van Nederland” (Hollandiyanın Universitetlər Assosiasiyası) tərəfindən açıqlanan rəsmi məlumatlara əsasən, 2024/2025-ci tədris ilində xarici bakalavr tələbələrinin sayı təxminən 6 faiz azalıb.
AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, bu azalma, ölkə hökumətinin həyata keçirdiyi “Internationalisation in Balance” (Təhsildə beynəlxalqlığın tarazlaşdırılması) siyasətinin birbaşa nəticəsi kimi qiymətləndirilir.
Həmin siyasətin əsas məqsədi ali təhsil sistemində niderland dilinin rolunu gücləndirmək, yerli tələbələrin təhsil imkanlarını genişləndirmək və universitetlərin beynəlxalqlıq səviyyəsini iqtisadi və sosial baxımdan daha sabit bir çərçivəyə salmaqdır. Bu çərçivədə hökumət ingiliscə tədris olunan proqramların sayını məhdudlaşdırmaq, müəyyən bakalavr ixtisaslarında qəbul kvotalarını (numerus fixus) tətbiq etmək və xarici tələbə axınının miqyasını tənzimləmək qərarına gəlib.
Nəticədə, bir çox universitetlər xüsusilə Amsterdam, Leiden, Utrecht və Groningen kimi böyük ali təhsil mərkəzləri ingiliscə tədris olunan ixtisaslara qəbulda azalma ilə üzləşiblər. Mütəxəssislərin fikrincə, bu proses uzunmüddətli perspektivdə ölkənin beynəlxalq akademik rəqabət qabiliyyətinə müəyyən mənada təsir göstərə bilər, çünki xarici tələbələr Hollandiya universitetlərinin beynəlxalq nüfuzunun əsas hissəsini təşkil edir. Bununla yanaşı, hökumət bu siyasətin təhsil keyfiyyətinin qorunması və daxili əmək bazarının ehtiyaclarına uyğunlaşdırılması baxımından vacib olduğunu bildirir.