Azedu.az

Türkiyədə ali təhsildə kvotalar 23 faiz azaldılıb

Xarici təhsil

18 Fevral 2026, 14:46
Türkiyədə ali təhsildə kvotalar 23 faiz azaldılıb

Türkiyənin Ali Təhsil Şurası (YÖK) son iki ildə universitetlər üzrə qəbul kvotalarını ümumilikdə 23 faiz azaldıb. Qurumun həyata keçirdiyi struktur dəyişikliklərin 2026-cı ildə də davam etdiriləcəyi bildirilir.

AzEdu.az türk mediasına istinadən xəbər verir ki, qərar ali təhsil sistemində keyfiyyətin artırılması, məzunların məşğulluq səviyyəsinin yüksəldilməsi və kadr hazırlığının əmək bazarının real tələblərinə uyğunlaşdırılması məqsədi daşıyır. Son illər bəzi ixtisaslarda məzun sayının sürətlə artması və iş bazarında balansın pozulması bu addımı zəruri edib.

Kvota azaldılması daha çox hüquq, psixologiya, biznesin idarə olunması və beynəlxalq münasibətlər kimi populyar ixtisasları əhatə edir. Bu istiqamətlər üzrə qəbul yerləri mərhələli şəkildə ixtisar olunur. Eyni zamanda, mühəndislik, informasiya texnologiyaları və səhiyyə sahələrində planlama daha hədəfli şəkildə aparılır.

YÖK tərəfindən aparılan təhlillərdə universitetlərin doluluq səviyyəsi, məzunların işə yerləşmə göstəriciləri, akademik heyətin potensialı və infrastruktur imkanları nəzərə alınır. Bəzi proqramların birləşdirilməsi və ya mərhələli şəkildə bağlanması da gündəmdədir.

Mütəxəssislər hesab edirlər ki, kvotaların azalması qəbul prosesində rəqabəti daha da artıracaq və xüsusilə populyar ixtisaslarda keçid ballarının yüksəlməsinə səbəb olacaq. Həyata keçirilən dəyişikliklər ali təhsil sistemində kəmiyyət artımından daha çox keyfiyyətə və səmərəliliyə yönəlmiş yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir.

Rusiyada dəhşətli partlayış - Ö*LƏNLƏR VAR
Son xəbərlərDaha çox