2026-2027-ci tədris ili üçün Hökumətlərarası Təqaüd Proqramı (HTP) çərçivəsində Çində təhsillə bağlı sənəd qəbulu başlayıb. Proqram hər iki ölkənin vətəndaşlarına tələbə mübadiləsi əsasında qarşı ölkənin ali məktəblərində arzu etdikləri ixtisas üzrə təhsil almaq imkanı yaradır.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən AzEdu.az-a bildirilib ki, təqaüd proqramına sənəd qəbulu 19 dekabr 2025-ci il saat 23:59-dək aparılacaq. Tələbələrin təqaüd proqramına qəbulu ilə bağlı yekun qərarın 2026-cı ilin iyul-avqust ayları ərzində təqdim olunması gözlənilir.
Məlumat üçün bildiririk ki, təqaüd proqramı “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”ə əsasən Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən həyata keçirilir.
HTP çərçivəsində təhsilə dair əlavə məlumatla elan vasitəsilə tanış ola bilərsiniz.