“Dövlət Proqramı çərçivəsində 15 prioritet ixtisas müəyyənləşdirilib”.
AzEdu.az xəbər verir ki, bunu DPİQ layihə rəhbəri Qədir Xəlilov jurnalistlərə açıqlamasında bildirib.
“Bütün dünyada olduğu kimi, informasiya-kommunikasiya texnologiyaları, mühəndislik, dəqiq elmlər və iqtisadiyyat sahələri əsas prioritet istiqamətlərdir. Son illər digər sahələrə də müraciətlərin artdığını müşahidə edirik. Artıq ikinci ildir ki, mədəniyyət və incəsənət sahələri üzrə də müraciətlər qəbul olunur. Bu ildən həmin istiqamət üzrə universitet və proqramların siyahısı daha da genişləndirilib.
Dövlət Proqramı çərçivəsində xaricdə təhsil alan gənclər arasında xanımlar və bəylər arasında demək olar ki, bərabərlik müşahidə olunur. İllər üzrə fərqli dinamika olsa da, bəzən xanımların, bəzən isə bəylərin müraciətləri daha çox olur. Ümumilikdə isə balans qorunub, bu da hər iki cinsin proqrama marağının göstəricisidir.
Proqrama müraciətlərin qəbulu 15 apreldən başlayacaq. Namizədlər xüsusi portal vasitəsilə qeydiyyatdan keçərək tələb olunan məlumatları doldurmalı və sənədlərini təqdim etməlidirlər. Qeydiyyatın son tarixi ehtimal olunur ki, iyun ayının ortalarına qədər davam edəcək.
Müraciət zamanı namizədlərin ən çox qarşılaşdığı problemlərdən biri sənədlərin düzgün tərtib olunmaması və təqdim edilməzdən əvvəl yoxlanılmamasıdır. Digər mühüm məsələ isə xarici ali təhsil müəssisəsindən qəbul sənədinin əldə edilməsidir. Bu sənəd bütün prosesin başlanması üçün əsas şərtlərdən biridir və namizədlər buna xüsusi diqqət yetirməlidirlər”, - deyə Q. Xəlilov bildirib.