Bu gün sizə abituriyentin təhsil arzularını manipulyasiya edən, ona yetkinlik dövrünün ilk “dərsini”, daha dəqiq desək ilk dələduzluğunu yaşadan “xaricdə təhsil şirkətləri”ndən danışacağıq. Dələduzluq hər yerdə var və buna artıq öyrəşmişik. Amma təhsildə olması sadəcə cinayət deyil, bu, gənclərin gələcəyinə atılan böyük zərbədir, onların karyera və təhsil imkanlarını ciddi şəkildə risk altına qoyur.
16-17 yaşlı gəncin oxumaq arzusunu istismar etmək, onun və ailəsinin illərlə yığdığı pulu mənimsəmək vicdansızlığın ən yüksək formasıdır. Bu artıq sadəcə “biznes” deyil, bu, etik və insanlıq normalarının kobud pozulmasıdır. Belə şirkətlər böyük məbləğlər tələb edir, amma qarşılığında göndərdikləri universitetlər ya elm və təhsilə məlum olmayan müəssisələrdir, ya da birdən-birə yox olurlar.
Hələlik sakitlikdir, çünki mövsüm hələ başlamayıb. Bu işbazların “əsl baharı” martdan sonra açılır. O vaxt ortaya müxtəlif bəzədilmiş ifadələr çıxır: “100% qəbul”, “qarantiyalı təhsil”, “vizasız Avropa” - sözlər sanki sehrli olur, havada uçur. Reklam panelləri, sponsorlu paylaşımlar, pafoslu videolar… Bir azdan bunları hər yerdə görmək mümkün olacaq. Elə bil hamı birdən-birə xaricdə təhsil üzrə professor olub.
İşin ən paradoksal tərəfi isə budur ki, artıq bəzi mərkəzlər tanınmış simalarla “əməkdaşlıq” edir. Yəni aktyor, müğənni çıxıb deyir ki, “filan mərkəzlə övladınızı rahatlıqla xaricə göndərə bilərsiniz”. Amma bu “rahatlıq” nəyə xidmət edir? Valideynin cibinin boşalmasına?
Plan isə olduqca sadədir. Əlinə 3-5 min manat düşən kimi bir padval tapılır, üstünə iri hərflərlə “Xaricdə Təhsil Mərkəzi” yazılır. İçəridə iki stol, bir printer və özünə “təhsil məsləhətçisi” deyən bir şəxs. Onun vəsiqəsi, ixtisası və səlahiyyəti bilinmir, amma gənclərin taleyi rahatlıqla ona tapşırılır. Belə “mərkəzlər”dən yüzlərlə var, yalnız adları fərqlidir, metodu isə eynidir.
Atalar demişkən, “qaz gələcək yerdən toyuq əsirgənməz”. Görünür, bu prinsip onlarda çox yaxşı işləyir. Şəhərin istənilən yerində, metro çıxışlarında, saytların sağ-sol küncündə, televiziyada həmin “xaricdə təhsil şirkətləri”nin reklamlarını görürük. Adam düşünür: bu qədər reklama pul xərcləyirlərsə, deməli qazanc da az deyil.
İndi keçək adlara. Yaxşı baxın, yaxşı yadda saxlayın. Amma unutmayın: bunlar yüzlərlə belə mərkəzin sadəcə bir neçəsidir. “Max Group”, “AID Group”, “Xaricdə Təhsil Mərkəzi”, “Brain Academy”, "Elite Academy" və “Smart Business Group”.
İddialara görə, “Xaricdə Təhsil Mərkəzi” xaricdə oxumaq arzusu olan bir gəncin 16 min dollarını mənimsəyib. Bir ailənin illərlə yığdığı pul.
“Brain Academy” isə valideyndən övladının Ukraynada boks üzrə təhsil alması üçün 1700 dollar alıb, müqavilə imzalayıb. Sonra da rahat-rahat bildiriblər ki, “yox, boks yox, menecment oxusun”. Valideyn etiraz edəndə cavab hazırdır: “Oxuyur, oxusun. Oxumursa da, pul qaytarılmayacaq". Yəni ya sus, ya da pulunla vidalaş.
“AID Group”un hekayəsi də fərqli deyil. Vətəndaşın 3400 manatını alıb, indi də sanki heç nə olmayıbmış kimi davranır. Nə cavab var, nə məsuliyyət, nə də utanma hissi.
Xatırladaq ki, 2018-ci ildə Bakıda fəaliyyət göstərən "Elite Academy" təhsil şirkəti 60-a yaxın abituriyentə Türkiyə universitetlərində təhsil almaq vəd edib.
İlkin olaraq hər bir tələbə üçün 500 manatdan başlayaraq fərqli məbləğlərdə pul alan şirkət sonradan bura nəqliyyat və qarşılama xərclərini də əlavə edib. Tələbə adını qazanmaq üçün Türkiyəyə gedənlər isə orda xoşagəlməz sürprizlə qarşılaşıblar.
Həmçinin, 2025-ci ildə “Smart Business Group” şirkətinin direktoru Anar Xəlilov 4 nəfərə qarşı dələduzluq edib. Onlardan birini “Ondokuz Mayıs” universitetində “tibb” ixtisası üzrə tələbə kimi qəbul etdirəcəyinə vəd edib və 6 min 500 manatını alıb. O, digər zərərçəkmişləri də həmin universitetin müxtəlif fakültələrinə qəbul etdirəcəyi adı ilə dələduzluq edib. İstintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.
2021-ci ildə də oxşar hadisələr olub. Belə ki, Ruslan Tağıyevin xaricdə iş, viza və təhsil vədi ilə 34 nəfərdən saxta sənədlər vasitəsilə 191 min manat aldığı, həmçinin işlədiyi şirkətə məxsus 14 800 manatlıq avadanlığı mənimsədiyi müəyyən edilib. Ona qarşı müvafiq maddələrlə ittiham irəli sürülərək iş məhkəməyə göndərilib.
Elm və Təhsil Nazirliyi tərəfindən bildirilir ki, xaricdə təhsil sahəsində, xüsusən də Dövlət Proqramı çərçivəsində heç bir şirkətlə əməkdaşlıq etmir və bu sahədə fəaliyyət göstərən vasitəçi şirkətlərin fəaliyyətinə görə məsuliyyət daşımır.
Təhsildə Keyfiyyət və Təminatı Agentliyi (TKTA) isə açıqlamalarında qeyd edir ki, xaricdə təhsil şirkətlərinin fəaliyyətinə nəzarət Agentliyin səlahiyyətlərinə daxil deyil və Agentlik xaricdə təhsil, o cümlədən diplomların tanınması prosedurları ilə bağlı heç bir şəxs, şirkət və ya universitetlə əməkdaşlıq etmir.
Hər iki qurum bu cür vasitəçilərin fəaliyyətinə görə məsuliyyət daşımadıqlarını vurğulayıb.
Rəsmi mənbələrə görə, diplomların tanınmasında ən çox imtina halları Rusiya Federasiyası, Ukrayna və Gürcüstan üzrə qeydə alınır. Təsadüfi deyil ki, xaricdə təhsil şirkətləri məhz bu ölkələrə qəbul vəd edirlər.
Metrolarda və reklam panellərində iri hərflərlə “Ukraynada tək attestatla onlayn təhsil” yazılır. Sanki asan bir xidmət kimi təqdim olunur: “Evdə otur, diplomun hazır olsun". Amma heç kim çıxıb soruşmur ki, Ukrayna müharibənin içindədir, belə təhsil necə mümkün ola bilər?
Diplomların tanınması məsələsində ciddi qeyri-müəyyənliklər mövcuddur. Bu tip xaricdə təhsil təşkilatları əsas məqsəd kimi təhsili deyil, iqtisadi faydanı, tələbələrdən və onların ailələrindən yüksək məbləğdə ödənişlərin toplanmasını hədəfləyir. Nəticədə tələbələrin yerləşdirildiyi universitetlərin bəziləri akademik mühitdə tanınmır və ya fəaliyyət göstərməyən, qeyri-müəyyən statuslu qurumlar olur.
Bir ailənin son ümidi, bir gəncin son çıxış yolu kimi gördüyü vəziyyətdən bu qədər rahat istifadə etmək necə mümkün olub? Açıq danışaq: belə reklamlar vəd olunan imkanları həqiqətlə uzlaşdırmır.
Reklam böyükdürsə, deməli doğrudur. Rənglidirsə, deməli etibarlıdır. Metroda asılıbsa, deməli problem yoxdur. Bu məntiq üzərindən gənclərin gələcəyi satılır, diplom kağız parçasına çevrilir, ümid isə reklam panelindəki bir şüara.
Bu yazı xəbərdarlıqdır. Xaricdə təhsil mümkündür və realdır. Amma hər parlaq ofis, hər bahalı reklam, hər pafoslu cümlə həqiqət demək deyil. Gənclərin gələcəyi reklam panellərindəki şüarlara və vicdansız “məsləhətçilər”in əlində oyuncaq olmamalıdır. Bu gün susulan hər dələduzluq, sabah bir gəncin həyatına təsir edə bilər.