Sorğumuza cavab olaraq Azərbaycan Dövlət İqtisad Universitetindən (UNEC) bildirilib ki, UNEC-də 2024-cü ilin dekabr ayından universitet üzrə orta aylıq vəzifə maaşı 14 faiz artırılıb:
“Artım pedaqoji heyət üzrə 15%, inzibati və tədris köməkçi heyət üzrə 12 faiz olub. Artımdan sonra universitet üzrə orta aylıq əmək haqqı 1471 manat, pedaqoji heyət üzrə 1689 manat, inzibati heyət üzrə isə 1265 manat təşkil edib”.
Mingəçevir Dövlət Universitetindən (MDU) əldə etdiyimiz məlumata görə, hazırda əməkhaqqı artımı ilə bağlı universitetin Elmi Şurası tərəfindən hər hansı qərar qəbul edilməyib:
“Bu səbəbdən əməkhaqlarının artırılması, artırılma faizləri və ya gələcəkdə belə bir qərarın qəbul olunmasına dair hər hansı məlumat təqdim etmək mümkün deyil. Əmək haqları ilə bağlı hər hansı bir dəyişiklik olarsa, bununla bağlı ictimaiyyəti məlumatlandıracağıq”.
Bakı Ali Neft Məktəbindən (BANM) bildirilib ki, SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) Azərbaycan universitetləri arasında ilk dəfə olaraq bonus sistemi tətbiq olunur:
“Əməkdaşlar iş fəaliyyətlərinə və qoyulan hədəflərə görə qiymətləndirilir. Bonus sistemi təkcə akademik heyətə deyil, həm də inzibati heyətə də şamil olunur. Azərbaycan universitetləri arasında bu, bir ilkdir və yüksək iş performansının qiymətləndirilməsi və təşviq edilməsi məqsədini daşıyır”.
Azərbaycan Dövlət Pedaqoji Universitetindən (ADPU) qeyd edilib ki, hələ ki, bu haqda məlumat yoxdur:
“Lakin müəyyən dövrdən bir, təbii ki, akademik və inzibati heyətin əməkhaqqılarında artımlar edilir”.
Azərbaycan Dillər Universitetindən (ADU) məlumat verilib ki, hər bir universitetin tələbə sayına uyğun maliyyə potensialı mövcuddur:
“Bu amilə müvafiq olaraq, növbəti ildə əməkhaqqı artımı məsələsinə baxılacaq. Hazırda bu məsələ müzakirə olunur”.
Azərbaycan Texnologiya Universitetindən (ATU) aldığımız məlumata əsasən, ATU-da 25.12.2024-cü il tarixində keçirilmiş Elmi Şurasının qərarı ilə universitet əməkdaşlarının maaşları 10% artırılıb:
“Azərbaycan Texnologiya Universitetində (ATU) professor-müəllim heyətinin elmi və pedaqoji fəaliyyətinin stimullaşdırılması məqsədilə diferensial əməkhaqqı sisteminin tətbiqinə başlanılıb.
İnsan resurslarının idarə olunması sahəsində innovativ yanaşmaya əsaslanan bu qərar ATU-nun 12 sentyabr 2025-ci il tarixində keçirilən Elmi Şura iclasında qəbul olunub. Yeni sistemə əsasən pedaqoji heyətin fəaliyyət göstəriciləri nəzərə alınaraq əməkhaqlarına xüsusi əlavələr ediləcək. Bu universitetdə tədrisin keyfiyyətinin artırılması, elmi fəaliyyətin genişləndirilməsi və müəllimlərin peşəkarlığının daha da yüksəldilməsinə xidmət edəcək”.