Azedu.az

Bu ixtisaslara ehtiyac var, amma tədris olunmur - “Universitetlər hələ geridədir”

Universitetlər

4 Dekabr 2025, 12:37
Bu ixtisaslara ehtiyac var, amma tədris olunmur - “Universitetlər hələ geridədir”

Əmək bazarı sürətlə inkişaf edir və yenilənir. Bir çox ixtisaslar var ki, bu gün əmək bazarında tələbat olmasa da, ali təhsil müəssisələrində tədris olunur.

Bu halda sual yaranır: bəs, bu gün əmək bazarının tələblərinə uyğun olub, lakin universitetlərdə hələ də tədris olunmayan ixtisaslar mövcuddurmu? Ümumilikdə, yeni ixtisasların formalaşdırılmasına ehtiyac varmı?

AzEdu.az-a mövzu ilə bağlı Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova danışıb.

Fotoğraf açıklaması yok.

Müsahibimiz bildirib ki, yeni ixtisaslara ehtiyac təkcə var deyil, bu artıq reallığın tələb etdiyi zərurətdir:

“Bu gün əmək bazarı elə sürətlə dəyişir ki, bəzən hiss olunur: universitetlər sanki "köhnə xəritə ilə yeni küçədə yol axtaran turist" kimidir. Dünya təcrübəsi də göstərir ki, ənənəvi təhsil proqramları bu dinamikanı izləməkdə çətinlik çəkir. Ona görə də əmək bazarının diktə etdiyi, lakin universitetlərdə hələ də tədris olunmayan bir çox ixtisaslar mövcuddur. Və açıq deyim, yeni ixtisaslara ehtiyac təkcə var deyil, bu artıq reallığın tələb etdiyi zərurətdir.

Dünyada universitetlər son illərdə məhz bu tələbdən çıxış edərək təhsil proqramlarını yeniləyir və yeni istiqamətlər yaradır. Rəqəmsallaşma, süni intellekt, kibertəhlükəsizlik, rəqəmsal sağlamlıq, oyun dizaynı, media savadlılığı, ekoloji idarəetmə, daxilolma və xüsusi təhsil kimi sahələr artıq bir çox ölkədə yeni ixtisas kimi formalaşıb. Əsas məqsəd tək sahə bilikləri deyil, inteqrativ bacarıqlar yaratmaqdır: dil+texnologiya, psixologiya+kommunikasiya, biznes+analitika kimi kombinə edilmiş istiqamətlər yeni dövrün tələbinə çevrilib".

Bizdə əmək bazarı hazırda universitetləri qabaqlayır:

“Xüsusilə süni intellekt və təhsil sahəsində böyük boşluqlar var. Təhsil sistemində süni intellektin rolu artır, amma universitetlərdə "AI ilə tədris", "rəqəmsal kontent yaradılması", "öyrənmə analitikası" kimi ixtisaslar hələ sistemli formada tam formalaşdırılmayıb.

İnklüziv təhsil üzrə də eyni vəziyyət müşahidə olunur: bu sahə ölkədə çox böyük ehtiyaca çevrilib, amma proqramlar yetərincə praktiki deyil. Ekoloji ixtisaslara da xüsusi ehtiyac var, xüsusilə COP29-dan sonra. Rəqəmsal kommunikasiya və media üzrə müasir ixtisasların olmaması isə həm təhsil sektorunda, həm iş həyatında ciddi boşluq yaradır".

Yeni ixtisaslar Azərbaycanda təhsilin inkişafı üçün lüks deyil, strateji zərurətdir:

“Mənim mövqeyim odur ki, yeni ixtisaslar Azərbaycanda təhsilin inkişafı üçün lüks deyil, strateji zərurətdir. Universitetlər əmək bazarının real ehtiyacları ilə birgə proqram hazırlamalıdır. 4 il dəyişməyən klassik fənn siyahısı müasir dövr üçün kifayət deyil.

Daha çevik modul sistemi, mikro-ixtisaslar, texnologiya yönümlü və praktik bacarıqlara əsaslanan proqramlar yaradılmalıdır. Xüsusilə müəllimlik sahəsində: rəqəmsal pedaqogika, inklüziv dil tədrisi, rəqəmsal qiymətləndirmə, erkən yaş savadlılığı kimi yeni istiqamətlər açılmalıdır.

Nəticə olaraq, əmək bazarı artıq universitetlərdən daha sürətli inkişaf edir. Ona görə də yeni ixtisasların yaradılması sadəcə yaxşı fikir deyil, ölkənin iqtisadi, sosial və təhsil inkişafı üçün vacib addımdır. Dünya bu yolla gedirsə, bizim də geri qalmaq kimi bir lüksümüz yoxdur".

Əli Kərimliyə görə partiya sədrləri bir-birinə dəydi - AĞIR SÖZLƏR
Son xəbərlərDaha çox