Azedu.az

Bu ixtisası seçənlərin hamısı qadındır - Universitetlərarası SORĞU

Universitetlər

3 Dekabr 2025, 15:50
Bu ixtisası seçənlərin hamısı qadındır - Universitetlərarası SORĞU

Məktəbəqədər təhsil ixtisası ölkədə pedaqoji kadr hazırlığının əsas istiqamətlərindən biri kimi bir çox universitetdə geniş şəkildə tədris olunur.

Bu ixtisas məktəbəqədər yaş dövrünün inkişaf xüsusiyyətlərini bilən, uşaqlar üçün düzgün təlim-tərbiyə mühitini təşkil edə bilən mütəxəssislərin hazırlanmasını məqsəd qoyur.

Bəs cari tədris ili üzrə universitetlərdə bu ixtisasda ümumilikdə neçə tələbə təhsil alır? 

Mövzu ilə bağlı AzEdu.az Təhsil Portalı universitetlərə sorğu ünvanlayıb.

Sorğumuza cavab olaraq Mingəçevir Dövlət Universitetindən (MDU) bildirilib ki, cari tədris ili üzrə “Məktəbəqədər təhsil” ixtisasında ümumilikdə 184 nəfər təhsil alır. Onlardan 174 nəfəri bakalavriat, 10 nəfəri isə magistratura səviyyəsi üzrə təhsilini davam etdirir:

“Cari il bu ixtisasa 30 nəfər tələbə qəbul olunub və bununla da plan yerləri 100 faiz dolub. Qeyd edək ki, “Məktəbəqədər təhsil” ixtisası üzrə bütün təhsilalanlar xanımlardır. Hazırda plan yerlərinin artırılması və ya azaldılması ilə bağlı konkret proqnoz vermək mümkün olmasa da, qəbul planının tam yerinə yetirilməsi bu ixtisasa stabil marağın olduğunu göstərir”.

Azərbaycan Dövlət Pedaqoji Universitetindən verilən məlumata əsasən (ADPU) Məktəbəqədər təhsil ixtisasına cari tədris ilində 123 nəfər tələbə qəbul olunub ki, 2024-cü ildə bu say 133, 2023-cü ildə 135, 2022-ci ildə isə 133 nəfər olub:

“Cari ildə ümumi qəbul planında azalma olsa da, rus bölməsi üzrə son 5 ilin ən yüksək qəbul sayı qeydə alınıb. İngilis bölməsi üzrə isə ilk dəfə qəbul aparılıb və 15 nəfər tələbə qəbul olunub. Bu, universitetdə müasir tələblərə uyğun çoxdilli kadr hazırlığının genişləndirilməsi baxımından mühüm addım hesab olunur. Cari qəbul dövründə ixtisasa dövlət sifarişli yerlərə minimal keçid balında rekord göstərici olan 484.1 bal qeydə alınıb.

Son 5 il ərzində ixtisas üzrə dövlət sifarişli yerlər üzrə minamal keçid balının  414.1 baldan 484.1 baladək artması ixtisasa artan marağın göstəricisidir. İxtisas üzrə təhsil alan tələbələrin böyük əksəriyyətini xanım tələbələr təşkil edir.Cari ildə qəbul olunan 123 nəfərin hamısı xanım tələbələr olub.

Ümumilikdə deyə bilərik ki, məktəbəqədər təhsil ixtisası üzrə tələbə axını sabitdir, keyfiyyət göstəriciləri yüksəlir və ixtisasa maraq ilbəil artmaqda davam edir. Bu tendensiya həm qəbul dinamikasında, həm keçid ballarının yüksəlməsində, həm də müxtəlif tədris dilləri üzrə genişlənən seçim imkanlarında öz əksini tapır”.

Lənkəran Dövlət Universitetinin (LDU) məlumatına görə, məktəbəqədər təhsil ixtisası üzrə bakalavriatda ümumilikdə 162 tələbə oxuyur və onların 160-ı qadındır.

"Magistratura pilləsində isə 8 tələbənin hamısı qadındır".

Azərbaycan Dillər Universitetindən (ADU) əldə edilən məlumata görə, cari tədris ilində məktəbəqədər təhsil / məktəbəqədər təlim və tərbiyə ixtisasına ümumilikdə 89 tələbə qəbul olunub.

"Onlardan 80-i bakalavr, 9-u isə magistratura səviyyəsində təhsilini davam etdirir.

Bu ixtisas üzrə təhsil alan bütün tələbələr xanımlardır.

Son illərdə məktəbəqədər təhsil ixtisasına maraq artmaqda davam edir, xüsusilə ingilis dilində tədris olunan proqramlara tələbə axını daha yüksəkdir".

5-ci kolon təmizlənir - Azərbaycanda kimləri hansı aqibət gözləyir?
Son xəbərlərDaha çox