Orhun Mübadilə Proqramı çərçivəsində Türkiyənin Ankara Universitetinin Elektrik-elektronika mühəndisliyi kafedrasının müdiri, professor İsa Navruz və sözügedən kafedranın dosenti Sultan Can Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) akademik ezamiyyətdədirlər.
Universitetdən AzEdu.az-a verilən məlumata görə, qonaqlar dekabrın 3-də Ankara Universitetinin Elektrik-elektronika mühəndisliyi kafedrasının geniş təqdimatını həyata keçirib, AzMİU-nun müəllim-tələbə heyətinə sözügedən universitetin akademik proqramları, elmi istiqamətləri və beynəlxalq əməkdaşlıq imkanları barədə məlumat veriblər.
Dekabrın 4-də Sultan Can “Engineering the Invisible: Advanced Strategies for Electromagnetic Wave Manipulation” mövzusunda seminar keçəcək. Elektromaqnit dalğalarının idarə olunması üzrə müasir yanaşmalar, tətbiq sahələri və dayanan elmi prinsipləri müzakirə edəcək.
Dekabrın 5-də isə İsa Navruz “Optik Fiberler, Haberleşme ve Sensör Uygulamaları” adlı elmi seminarla çıxış edəcək. Seminar optik rabitə texnologiyaları, fiber-optik sistemlərin üstünlükləri və sensor texnologiyalarının müasir tətbiqləri mövzularını əhatələyəcək.
Qeyd edək ki, bu kimi tədbirlərin məqsədi tələbələrin elmi dünyagörüşünün genişlənməsinə, beynəlxalq təcrübə ilə tanış olmasına və akademik əməkdaşlığın güclənməsinə töhfə verməkdir.