Son illərdə ali təhsil müəssisələrində dekan, professor, dosent, müəllim və digər akademik heyətin əməkhaqlarının artırılması məsələsi həm regional, həm də qlobal səviyyədə yüksək aktuallıq kəsb edən mövzulardan birinə çevrilmişdir.
Bu tendensiya, ali təhsilin keyfiyyətinin yüksəldilməsi, elmi potensialın qorunması və universitetlərin rəqabət qabiliyyətinin artırılması baxımından strateji əhəmiyyət daşıyır. Bir çox universitetlər əməkhaqqı artımları ilə bağlı qərarları mərhələli şəkildə həyata keçirir və bu addımı həm idarəetmə islahatlarının, həm də insan kapitalına yönəlmiş prioritetlərin bir hissəsi kimi təqdim edirlər.
Maraqlıdır, universitetlrədə dekan, kafedra müdirləri, dosent, baş müəllim və müəllimlərin əmək haqqları artırılıbmı?
Mövzu ilə bağlı AzEdu.az Təhsil Portalı Azərbaycan Universitetinə sorğu ünvanlayıb.
Universitetdən cavab olaraq bildirilib ki, Azərbaycan Universitetində 2025/2026-cı tədris ilindən başlayaraq diferensial əməkhaqqı sistemi tətbiq olunur:
"Belə ki, yeni sistemə əsasən pedaqoji heyətin fərdi elmi və pedaqoji fəaliyyət göstəriciləri nəzərə alınaraq xüsusi sistem üzrə dəyərləndirilir. Formalaşan reytinq siyahısına əsasən əmək haqqlarına diferensial əlavələr edilir. Burada əsas məqsəd elmi fəaliyyətin keyfiyyətini və məhsuldarlığını yüksəltmək, müəllimlər arasında rəqabət mühitini gücləndirmək, onların peşəkarlığını və motivasiyasını yüksəltməkdir",-deyə universitetdən qeyd edilib.