Azedu.az

Süni intellekt və universitet: gələcəyin təhsil modeli necə olacaq?

Universitetlər

2 Dekabr 2025, 10:21
Süni intellekt və universitet: gələcəyin təhsil modeli necə olacaq?

Son illər süni intellektin (Sİ) təhsildə tətbiqi təkcə texnoloji yenilik deyil, eyni zamanda strateji və fəlsəfi dönüş nöqtəsi kimi dəyərləndirilir. Sİ artıq ənənəvi təlim-tədris modellərini dəyişməyə başlayıb. Belə ki, fərdiləşdirilmiş öyrənmə imkanları, avtomatlaşdırılmış qiymətləndirmə və dərs məzmununun dinamik təqdimatı reallığa çevrilməkdədir.

Süni intellekt təhsili daha əlçatan və inklüziv edəcək, yoxsa mövcud sosial və texnoloji fərqləri daha da dərinləşdirəcək?

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən Azərbaycan, Rusiya və Türkiyənin iqtisad elmləri doktoru, professor Zahid Məmmədov qeyd edib ki, süni intellekt çox ciddi yardımçı vasitədir:

173545

"İstər tədris prosesində, istərsə də elmi tədqiqatlarda, həmçinin müəllimlər üçün yaxın dostdur. Ona tapşırıqlar verirsən və həmin tapşırıqların doğru olduğunu savadlı, qabiliyyətli professor müəyyən edə bilir. Əlbəttə, bəzən səhv məlumat da verə bilər. Bu səhv məlumatların qarşısını almaq üçün əlbəttə siz ondan da yaxşı bilməlisiniz.

Bəli, müəyyən axtarışlarda və mövzularda Sİ bizə dəstək olur. Dünyada ən gözəl bilginin ötürülməsi professor-müəllim heyəti ilə mümkündür. Hesab edirəm ki, ən gözəl tədrisin mənimsənilməsi üz-üzədir. Burada söhbət vicdanlı, əxlaqlı müəllimdən gedir. Bu baxımdan düşünürəm ki, süni intellekt müəllimi əvəz edə bilməz. Əvvəlki illərdən fərqli olaraq müəllim artıq bilik ötürmür, bir növ dirijor rolunu oynayır. Müəllimin əlində milyonlarla məlumat var. Bu məlumatlar içərisindən ən yaxşısını seçir.

Bilirsiniz, bu gün internetdə milyardlarla məlumat var. Bu məlumatların doğru və ya yanlış olduğunu necə bilə bilərik? Hansı mənbədən istifadə etməliyik? İlk növbədə qabiliyyətli olmaq lazımdır. Süni intellektin qarşısında çox böyük çağırışlar var.

Dünya universitetlərinin əsas missiyası mənəvi dəyərləri və vətəndaş dəyərlərini aşılayandır. Siz ola bilər ki, çox güclü mütəxəssis yetişdirəsiniz, amma vətəndaş yetişdirə bilməyəsiniz. Universitet ən gözəl vətəndaşları yetişdirir".

Türkiyədən Rusiyaya ağır zərbə: Nə baş verir?
Son xəbərlərDaha çox