Bakı Mühəndislik Universitetinin rektoru (BMU) Yaqub Piriyev ali məktəbdə səfərdə olan Türkiyənin İstanbul Cerrahpaşa Universitetinin professorları Aysel Ersoy, Rüya Şamlı və Düzce Universitetinin dosenti Serdar Biroğul ilə görüşüb.
AzEdu.az xəbər verir ki, qardaş Türkiyə ilə əməkdaşlığı daha da gücləndirməyin BMU üçün böyük önəm daşıdığını bildirən rektor bu istiqamətdə aparılan işlərə diqqət çəkib. Eyni zamanda mühəndis texnologiyalarının tədrisinin təkmilləşdirilməsini və bu sahədə yüksək ixtisaslı kadrların hazırlanmasını təmin etmək məqsədi ilə Prezident İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq 2016-cı ildə yaradılan BMU-da son illər görülən işlər barədə qonaqlara məlumat verib. SABAH proqramı qruplarında əsas ixtisas fənlərinin tədrisinə cəlb olunan türkiyəli alimlərə səmərəli fəaliyyətlərinə görə minnətdarlığını bildirən rektor vurğulayıb ki, master-klasların təşkili, xarici mütəxəssislərin tədrisə qoşulması, laboratoriya dərsləri keçməsi universitetdə formalaşmış uğurlu beynəlxalq əməkdaşlıq ənənəsinin tərkib hissəsidir və tələbələrin bilik, bacarıqlarının artırılmasına mühüm töhfə verir. Bu kimi akademik əməkdaşlıqların, habelə müəllimlərin peşəkar inkişafını sürətləndirdiyini, tədris mühitinin daha da beynəlmiləlləşməsinə şərait yaratdığını deyən Yaqub Piriyev başlanan əməkdaşlığın daha da dərinləşəcəyinə inamını ifadə edib.
Sonra türkiyəli alimlər ilk dəfə Bakıda olduqlarını deyərək, ölkəmiz haqqında xoş təəssüratlarını, həmçinin BMU-da yaradılan yüksək tədris mühiti, infrastrukturu və tələbələrlə aparılan dərslər barədə fikirlərini bölüşüblər. Eyni zamanda BMU ilə əməkdaşlığın daha geniş müstəvidə davam etdirilməsində maraqlı olduqlarını bildiriblər.
Görüşdə gələcək tərəfdaşlıq istiqamətləri ətraflı müzakirə olunub.