Azedu.az

“Elmi fəaliyyətin sayı artır, amma keyfiyyət hər zaman eyni deyil”

Universitetlər

28 Noyabr 2025, 12:18
“Elmi fəaliyyətin sayı artır, amma keyfiyyət hər zaman eyni deyil”

Son illərdə Azərbaycanın ali təhsil müəssisələrində elmi-tədqiqat fəaliyyətinin stimullaşdırılması və beynəlxalq elmi bazalarda təmsil olunma səviyyəsinin artırılması istiqamətində ciddi addımlar atılır. Dövlətin prioritet istiqamətə çevirdiyi bu sahə həm də ölkənin innovativ inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Xüsusilə ali təhsil müəssisələrinin beynəlxalq elmi-metrik bazalarda - Scopus və Web of Science sistemlərindəki məqalə sayı bu istiqamətdə mühüm göstərici hesab olunur.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin verdiyi məlumata görə, 2022-2024-cü illər ərzində bu sahədə liderlik Bakı Dövlət Universitetinə məxsusdur. Onu ardıcıl olaraq UNEC, Neft və Sənaye Universiteti və Texniki Universitet izləyir.

Elmi fəaliyyətin beynəlxalq səviyyədə tanınması tələbələrin təhsilinə və gələcək karyerasına necə təsir edir? Ali təhsil müəssisələrində elmi fəaliyyətin dayanıqlı inkişafı üçün strateji yanaşma necə olmalıdır?

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən Əməkdar müəllim, sabiq deputat Sona Əliyevanın sözlərinə görə, ali təhsildə elmi-tədqiqat fəaliyyətinin artması, xüsusilə Scopus və Web of Science bazalarındakı məqalələrin sayının yüksəlməsi ümumilikdə müsbət və diqqətəlayiq tendensiyadır:

173276

"2023-2024-cü illərdə elmi işlərin sayı əvvəlki illərlə müqayisədə təxminən 40%-ə qədər artıb. Bu, həm universitetlərin fəallığını, həm də dövlətin elmə prioritet yanaşmasının real nəticələr verdiyini göstərir. BDU-nun birinci yerdə olması, ardınca UNEC, Neft və Sənaye Universiteti və Texniki Universitetin gəlməsi də təsadüfi deyil. Bu ali məktəblərin həm tədqiqat ənənələri, həm də beynəlxalq bazalara çıxış imkanları digərlərinə nisbətən daha yaxşıdır.

Ancaq qeyd etmək lazımdır ki, Scopus və Web of Science göstəriciləri universitetin ümumi akademik səviyyəsini tam ölçmür. Bu bazalar daha çox tədqiqat fəaliyyətinin intensivliyini göstərir, lakin tədrisin keyfiyyəti, tələbələrin analitik və tətbiqi bacarıqları, elm və innovasiyanın real təsiri kimi vacib sahələri tam şəkildə əhatə etmir. Həm də dünya təcrübəsində artıq belə bir narahatlıq var: yalnız “sayın artması” keyfiyyət anlamına gəlmir. Bəzi ölkələrdə hətta “dərc üçün təzyiq” elmin məzmununu zəiflədib. Səhvlərdən nəticə çıxararaq biz bu səhvi təkrarlamamalıyıq".

Elmi məqalələrin dərc olunmasının xərcləri hələ də sistemli şəkildə dövlət tərəfindən qarşılanmır:

"Nüfuzlu jurnallarda dərc üçün tələb olunan 500-2000 dollarlıq ödənişlərin böyük hissəsini alimlərin özləri ödəyir. Bu isə bir çox istedadlı tədqiqatçının elmi fəaliyyətini məhdudlaşdırır. Ayrı-ayrı anlaşmalar (məsələn, bəzi beynəlxalq nəşriyyatlarla) mövcuddur, amma bu sistem bütün ali təhsil sektorunu əhatə etmir. Elmi-tədqiqat mühitinin gücləndirilməsi üçün bəzi mexanizmlər əhəmiyyətli ola bilər. Universitetlərdə dərc xərclərini qarşılayan maliyyə mexanizmlərinin yaradılması vacibdir; hansı ki, yalnız keyfiyyətli (Q1–Q2) jurnallarda dərc olunmuş məqalələr üçün maliyyə ayıra bilər. Bu, alimlərin motivasiyasını artırmaqla yanaşı, keyfiyyətsiz jurnallara axını azaldar.

Tədqiqatçıların tədris yükünün balanslaşdırılması nəzərdə saxlanılmalıdır. Önəmli tədqiqatlar aparan müəllimə real tədqiqat vaxtı verilməlidir. Bu, dünyanın bütün aparıcı universitetlərinin əsas qaydasıdır. Gənc tədqiqatçılar üçün hər bir universitet metodologiya və akademik yazıların hazırlanmasını öyrədən “məktəb” rolunu oynamalıdır. Məqalənin keyfiyyətini artırmağın yeganə yolu budur.

Son olaraq, beynəlxalq layihə və əməkdaşlıqların genişləndirilməsi çox vacibdir. Bir çox universitetin yüksək göstəricisi məhz ortaq məqalə və xarici institutlarla əməkdaşlıq hesabına əldə olunur. Elm sahəsində müsbət nəticələrin göstərilməsi tələbələr üçün də böyük üstünlüklər yaradır. Elmi fəaliyyəti güclü olan universitetlərdə tələbələr daha erkən mərhələdə tədqiqat prosesinə daxil olur, analitik, məlumat emalı və tənqidi düşünmə bacarıqları inkişaf edir. Bu da onların həm magistr/doktorantura səviyyəsinə keçidində, həm də əmək bazarına çıxışında ciddi üstünlük təmin edir.

Scopus və Web of Science göstəricilərinin yüksəlməsi sevindirici haldır, amma bu artımın dayanıqlılığı üçün sistemli mexanizmlər - maliyyə dəstəyi, şəffaf meyarlar və real tədqiqat mühiti  mütləq gücləndirilməlidir. Əks halda, “say artır, amma təsir dəyişmir” paradoksu ilə üzləşə bilərik. Elm rəqəmlərlə deyil, real təsiri və davamlılığı ilə ölçülməlidir".

Abituriyentlərə yeni fənn sürprizi – Buraxılış imtahanında nə dəyişə bilər?
Son xəbərlərDaha çox