Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Tələbə Gənclər Təşkilatının (AzMİU TGT) təşkilatçılığı ilə tələbələrin bilik və dünyagörüşünün genişləndirilməsinə yönəlmiş iki maarifləndirici tədbir keçirilib.
AzEdu.az xəbər verir ki, ilk olaraq Aysun Aylarovanın təqdimatında “Uşaq hüquqları: onları dinləmək gələcəyi qorumaqdır” mövzusunda dəyirmi masa təşkil edilib. Tədbirin məqsədi tələbələrdə uşaq hüquqları haqqında düzgün anlayış formalaşdırmaq, uşaqların fikirlərinə dəyər verilməsinin əhəmiyyətini vurğulamaq və mövzu ilə bağlı ictimai həssaslığı artırmaq olub. Dəyirmi masada uşaq hüquqlarının beynəlxalq və yerli hüquqi çərçivəsi, təhlükəsiz inkişaf mühiti, uşaqların dinlənilməsi, eləcə də qərarvermə proseslərinə cəlb olunması kimi əsas məqamlardan danışılıb.
Aysun Aylarova uşaqlarla ünsiyyətdə empatiyanın rolu, onların sosial və emosional ehtiyacları barədə praktiki nümunələrlə çıxış edib.
Müzakirə interaktiv şəkildə davam edərək tələbələrin sualları, fikir mübadiləsi və real situasiya nümunələri ilə zənginləşib.
AzMİU TGT-nin digər maarifləndirici tədbiri isə Aytən Salaminin təqdimatında keçirilən “İnsan davranışları və kosmik fenomenlər: Mifdən elmə” mövzusunda seminar olub.
Seminarın əsas məqsədi gənclər arasında astrologiya haqqında düzgün təsəvvür formalaşdırmaq, mövcud yanlış inancları aradan qaldırmaq və bu sahənin elmi, psixoloji və mədəni aspektlərini tələbələrə çatdırmaq olub.
Təqdimat zamanı astrologiyanın qədim mədəniyyətlərdəki yeri, riyazi və astronomik əsasları, simvolik dillə arxetip yanaşması, Günəş, Ay və yüksələn bürclərin mahiyyəti, planet enerjilərinin insan psixologiyası ilə əlaqəsi kimi mövzulardan geniş söhbət açılıb. Seminar interaktiv formatda davam edərək tələbələrin suallarının cavablandırılması və astrologiyanın elmlə kəsişən cəhətlərinin müzakirəsi ilə yekunlaşıb.
Qeyd edək ki, hər iki tədbirin keçirilməsində məqsəd tələbələrdə tənqidi düşüncə, analitik yanaşma, sosial həssaslıq və şəxsi inkişaf bacarıqlarının gücləndirilməsinə töhfə verməkdir.