Bakı Mühəndislik Universitetində (BMU) Tələbə Elmi Cəmiyyəti tərəfindən elmi məqalə yazmaq mövzusunda seminar təşkil olunub. Tədbir universitetin tələbə və gənc tədqiqatçılarını elmi fəaliyyətlərə aktiv şəkildə cəlb etmək, onların bu yöndə biliklərini artırmaq məqsədilə keçirilib.
AzEdu.az xəbər verir ki, çıxışlar zamanı bildirilib ki, elmi məqalə yazmaq yalnız nəzəri bilik deyil, eyni zamanda praktiki bacarıq tələb edən bir prosesdir. Belə seminarlar vasitəsilə iştirakçılar elmi işlərin bütün mərhələlərini addım-addım öyrənir və gələcək tədqiqatlarında uğur qazanmaq üçün lazım olan biliklər əldə edirlər.
Seminarda gənc tədqiqatçılara problem seçimi, ədəbiyyat icmalı, tədqiqat sualının formalaşdırılması, məqalənin strukturunun qurulması, həmçinin akademik yazı tərzi və üslubu mövzularında biliklər tədqim olunub. Eyni zamanda əldə olunan bacarıqların gələcək elmi işlərdə tətbiqi ilə bağlı ayrı-ayrı nümunələr nəzərə çatdırılıb.
BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin 4-cü istiqamətinə (keyfiyyətli təhsil) xidmət edən və gənc tədqiqatçıların akademik bacarıqlarının artırılmasına töhfə verən seminarda tələbələrin sualları cavablandırılıb.