Azedu.az

Azərbaycan Cənubi Qafqazda “QS Dayanıqlılıq 2026”da yeganə təmsilçidir

Universitetlər

20 Noyabr 2025, 10:49
Azərbaycan Cənubi Qafqazda “QS Dayanıqlılıq 2026”da yeganə təmsilçidir

Quacquarelli Symonds (QS) qlobal reytinq agentliyi tərəfindən “QS Dayanıqlılıq 2026” reytinqinin nəticələri açıqlanıb. Reytinqin cari buraxılışında Azərbaycan universitetlərinin sayı 8-ə yüksəlib.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən AzEdu.az-a bildirilib ki, bu il reytinqdə Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Xəzər Universiteti və Qərbi Kaspi Universiteti təmsil olunur.

1 universitetimiz (Azərbaycan Dövlət İqtisad Universiteti) TOP-800-də, 1 universitetimiz (Bakı Dövlət Universiteti) TOP-1000-də, digər 6 universitetimiz isə 1001+ və 1501+ mövqelərdə yer alır.

Xüsusilə “Ətraf mühitin mühafizəsi sahəsində dayanıqlı inkişaf” meyarı üzrə Azərbaycanın 3 universiteti dünyanın TOP 400 universiteti sırasında qərarlaşıb. Bu meyar üzrə Bakı Dövlət Universiteti dünyada 57-ci, Azərbaycan Dövlət İqtisad Universiteti 309-cu, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti isə 398-ci yerdə qərarlaşıb.

Dayanıqlı inkişaf sahəsində dünyanın ən yaxşı universitetlərinin müəyyən edildiyi bu reytinqdə Azərbaycan Cənubi Qafqaz regionu üzrə təmsil olunan yeganə ölkədir. Reytinqdə universitetlərin fəaliyyəti 3 əsas istiqamət üzrə - “Ətraf mühitə təsir” (45%), “İctimai təsir” (45%) və “İdarəetmə modeli” (10%) - qiymətləndirilir.

Şok İddia - ABŞ Azərbaycan səfirliyini vurub
Son xəbərlərDaha çox