AzEdu.az Təhsil Portalı və ali məktəblərin birgə təşkilatçılığı ilə həyata keçirilən "Brend tələbə" layihəsi çərçivəsində xüsusi meyarlara uyğun seçilən tələbələrin mükafatlandırılması davam edir.
Bu gün AzEdu.az və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin birgə təşkilatçılığı ilə burada təhsil alan “Brend tələbə”lər təltif ediliblər.
Tədbirdə AzEdu.az Təhsil Portalının direktoru Ləman Novruzova, Elm və yaradıcılıq işləri üzrə prorektor Sədaqət Əliyeva, Audiovizual sənətlər fakültəsinin dekanı Gülnarə Hüseynova, Rəssamlıq fakültəsinin dekanı Səyalı Quliyeva, Musiqi sənəti fakültəsinin dekanı İradə Xəlilova, Kulturologiya fakültəsinin dekanı Səyavuş Məhişov, SABAH Mərkəzinin rəhbəri, Əməkdar artist Nofəl Vəliyev, Teatr sənəti fakültəsinin dekan müavini Əli Hacılı və həmin statusa layiq görülmüş tələbələr iştirak ediblər.
Mükafatlandırma mərasimini Elm və yaradıcılıq işləri üzrə prorektor Sədaqət Əliyevanın açılış nitqi ilə başlayıb. O, “Brend tələbə” layihəsinin reallaşdırılması ilə bağlı AzEdu.az-a təşəkkür edib və həmin gəncləri təbrik edib:

"Burada əyləşən tələbələr AzEdu.az Təhsil Portalı tərəfindən müəyyən edilmiş meyarlara uyğun olaraq seçilmiş və yüksək göstəriciləri ilə fərqlənən tələbələrdir. Artıq "Brend Tələbə" layihəsi universitetimizdə bir ənənə halını alıb. Belə ki, hər il mütəmadi şəkildə uğurla həyata keçirilir. Bu layihədə iştirak edən tələbələrimizin, böyük ehtimalla, gələcəkdə cəmiyyətin müxtəlif sahələrində seçilən və nümunə göstərilən gənclər sırasına qoşulacağına inanıram. Bir daha təşəkkürümü bildirir və aparılan seçimin həm uğurlu, həm də faydalı olmasını arzu edirəm".
Daha sonra çıxış üçün Ləman Novruzovaya söz verilib. O, “Brend tələbə”adına layiq görülən tələbələri təbrik edib:

“Minlərlə tələbə arasından seçilən 10 nəfərdən biri olmaq, həm böyük fəxr hissi, həm də ciddi məsuliyyət deməkdir. Bu, universitetinizin sizin təhsil dövründəki əzminizi, bacarığınızı və nailiyyətlərinizi yüksək dəyərləndirdiyinin göstəricisidir. İnanıram ki, bu etimadı gələcəkdə də doğruldacaq, uğurlarınızı daha da artıracaqsınız.
Artıq 3 ildir ki, AzEdu.az Təhsil Portalı bu layihəni uğurla həyata keçirir. İlk illərdə 20 universitetin iştirak etdiyi layihəyə bu dəfə 29 ali məktəb qoşulub. Qarşıdakı məqsədimiz isə Azərbaycanın bütün universitetlərini bu təşəbbüs ətrafında birləşdirməkdir. Bu görüşə qatıldığınız üçün hər birinizə təşəkkür edir, həyatınızda yeni uğurlar arzulayıram".
Sonda isə “Brend tələbə”lərə təltifnamələri təqdim olunub və xatirə şəkli çəkilib.
2024-2025-ci tədris ili üzrə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin"Brend tələbə" statusuna layiq görülmüş gənclər aşağıdakılardır:
Pərviz Qurbanlı-Sənətşünaslıq ixtisasının tələbəsi;
Mənsurə Məmmədzadə- Rejissorluq ixtisasının tələbəsi;
Əliulla Vəliyev-Aktyor sənəti ixtisasının tələbəsi;
Eşqin Yusifov-Sosiologiya ixtisasının tələbəsi;
Əfsun Məmmədli-Turizm işinin təşkili ixtisasının tələbəsi;
Səfurə Mursaliyeva-İnstrumental ifaçılıq ixtisasının tələbəsi;
Məhəmməd Hacıyev-Sənətşünaslıq ixtisasının tələbəsi;
Ərgün Camalzadə-Aktyor sənəti ixtisasının tələbəsi;
Mayya Vorobjanskaya-Rejissorluq ixtisasının tələbəsi;
Fatimə Quluzadə-Teatrşünaslıq ixtisasının tələbəsi.