Lənkəran Dövlət Universitetində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
AzEdu.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Lənkəran Dövlət Universitetinin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru vəzifəsini icra edən dos. Ramiz Şəmmədov 80 illik şərəfli yol keçən AMEA-nın əməkdaşlarını təbrik edib, ölkəmizin elmi potensialının güclənməsi və inkişafı, müstəqil Azərbaycan Respublikasının daha da qüdrətlənməsi naminə gələcək fəaliyyətlərində uğurlar arzulayıb. R. Şəmmədov bu yubileyi bir elmi qurumun deyil, bütövlükdə Azərbaycan elmi, milli düşüncəsi və intellektual irsinin bayramı adlandırıb. Bildirib ki, “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin AMEA-nın 80 illik yubileyinin qeyd edilməsi barədə 2025-ci il 18 mart tarixli Sərəncamı Akademiyanın ölkəmizdə elmin inkişafı, bu sahədə fəaliyyətin təşkili və yüksək ixtisaslı kadrların hazırlanmasındakı roluna verilən yüksək dəyəri bir daha sübut edir.
Azərbaycan Milli Elmlər Akademiyasının Lənkəran Regional Elmi Mərkəzinin direktoru dos. Mehman Əliyev akademiyanın ölkəmizdə elmin inkişafı, elmi fəaliyyətin təşkili və yüksək ixtisaslı kadrların hazırlanmasındakı rolundan danışıb. Bildirib ki, Ulu Öndərin yaratdığı möhkəm elmi və mənəvi təməl üzərində Azərbaycanda elm bu gün özünün yeni inkişaf mərhələsini yaşayır. Bu böyük ənənə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qətiyyətlə və ardıcıllıqla davam etdirilir. Onun rəhbərliyi ilə ölkəmizdə elm və təhsil sahəsində fundamental islahatlar həyata keçirilir, elmin idarəetmə mexanizmi təkmilləşdirilir.
Tədbirdə Tarix və onun tədrisi metodikası kafedrasının dosenti Mayis Cəfərov, Lənkəran Regional Elmi Mərkəzinin Tarix, Arxeologiya və Etnoqrafiya bölməsinin elmi işçisi Gözəl Hüseynzadə çıxış edərək AMEA-nın respublikanın elmi-intellektual potensialının əsas daşıyıcısı, Azərbaycan elminin inkişafı, milli ruhun yüksəlişində dayaq nöqtəsi olduğunu bildiriblər. Çıxışlarda AMEA-nın ölkədə fundamental tətbiqi və humanitar elmlərin, milli mədəniyyətimizin, ədəbiyyatımızın, dilimizin inkişafında, milli-mənəvi dəyərlərimizin qorunmasında xidmətləri vurğulanıb.
Tədbirin yekununda LDU-nun Tədris məsələləri üzrə prorektoru vəzifəsini icra edən dos. Zaur Məmmədov AMEA-nın və Lənkəran Regional Elmi Mərkəzin əməkdaşlarını 80 illik yubiley münasibətilə universitetin rektoru, prof. Natiq İbrahimovun adından təbrik edib, bayram arzularını çatdırıb, kollektivə davamlı elmi uğurlar arzulayıb.