2025-ci il 14 noyabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Humanitar fənlər kafedrasının təşkilatçılığı ilə Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Fikrin və şeirin zirvəsi: Bəxtiyar Vahabzadə” adlı elmi konfrans keçirilib.
AzEdu.az xəbər verir ki, universitetin akt zalında keçirilən konfransda Bəxtiyar Vahabzadənin ev muzeyinin rəhbərliyi, MDU-nun akademik-inzibati heyət üzvləri və tələbələr iştirak ediblər. Tədbir Ümummilli lider Heydər Əliyevin, vətən uğrunda canından keçən şəhidlərimizin və cari ilin 11 noyabr tarixində təyyarə qəzasında həlak olan türkiyəli hərbçilərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilməs və Azərbaycan Respublikasının Dövlət Himinin səsləndirilməsi ilə başlanılıb. Konfransı giriş sözü ilə MDU-nun rektoru Anar Eminov açaraq Bəxtiyar Vahabzadənin Azərbaycan ədəbiyyatına və milli düşüncəyə verdiyi töhfələrdən danışıb. Rektor şairin zəngin irsinin gənc nəsilə tanıdılmasının əhəmiyyətini vurğulayıb. Çıxışında rektor A.Eminov xüsusilə Bəxtiyar Vahabzadənin “Eşq və sətəlcəm” poemasına toxunaraq, şairin insan sevgisini, həyatın zərif duyğularını və mənəvi təlatümləri poetik dillə çatdırmasını yüksək qiymətləndirib. O, poemasın bəzi hissələrini misallar gətirərək, gənc nəsildə duyğu və estetika zövqünün formalaşmasında əhəmiyyətini vurğulayıb.
Tədbirin xüsusi qonağı, Xalq şairinin yaxın dostu, Bəxtiyar Vahabzadənin ev muzeyinin direktoru Elşən Zəkəriyyəbəyli çıxış edərək şairin həyat və yaradıcılığı ilə bağlı şəxsi xatirələrini bölüşüb. O, mötəbər konfransın MDU-da keçirilməsini Xalq şairi Bəxtiyar Vahabzadənin yaradıcılığına göstərilən yüksək dəyərin bariz nümunəsi kimi qiymətləndirib. Universitetin elmi-mədəni mühiti, tələbələr arasında klassik irsə marağın təşviqi və milli ədəbiyyatın təbliği baxımından bu cür tədbirlərin MDU-da təşkili xüsusi əhəmiyyət daşıdığı vurğulanıb.
E.Zəkəriyyəbəyli rektor A.Eminova Bəxtiyar Vahabzadənin ev muzeyindən gətirilmiş kitabları hədiyyə edərək, universitetdə şair irsinə göstərilən diqqət və ehtirama görə təşəkkürünü bildirib. Sonra, konfransın proqramına uyğun olaraq məruzələr dinlənilib. MDU-nun Humanitar fənlər kafedrasından dosent Namaz Manafov “Bəxtiyar Vahabzadə və XX əsr Azərbaycan poeziyası”, dosent Sədrəddin Hüseyn “Bəxtiyar Vahabzadənin yaradıcılığında milli-əxlaqi dəyərlər”, dosent Günel Yunusova “Gülüstan poemasında azadlıq və istiqlaliyyət uğrunda mübarizəyə çağırış”, baş müəllim Səadət Ağakişiyeva “Bəxtiyar Vahabzadə publisistikasında milli özünüdərk”, həmin kafedranın müəllimi, müəllim Fəxriyyə İsayeva “İnsan və cəmiyyətin qovşağında: Bəxtiyar Vahabzadənin poemalarında ictimai problemlər” və müəllim Sona Məmmədova “Sükutdan sözə, sözdən millətə: Bəxtiyar yolu” mövzularında məruzələrlə çıxış ediblər.
Konfransın sonunda, həmçinin “Bəxtiyar misralarında millətimin harayı” adlıvesse yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb.Qeyd edək ki, Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illiyi münasibətilə MDU-da silsilə tədbirlər davam etdirilir.