Azedu.az

Vestminster Universiteti ilə birgə elmi-praktik vorkşop keçirilib

Universitetlər

13 Noyabr 2025, 16:21
Vestminster Universiteti ilə birgə elmi-praktik vorkşop keçirilib

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) ilə Böyük Britaniyanın Vestminster Universiteti arasında həyata keçirilən “Memarlıq abidələrinin bərpası və yenidən qurulması üzrə magistr səviyyəsində ikili diplom” proqramı çərçivəsində “Memarlıq elminin müasir problemləri” mövzusunda elmi-praktik vorkşop təşkil olunub. Tədbir 4–8 noyabr 2025-ci il tarixlərində AzMİU-nun Xarici Əlaqələr Şöbəsi və Ekologiya kafedrasının birgə təşkilatçılığı ilə baş tutub.

AzEdu.az xəbər verir ki, Vorkşop çərçivəsində Vestminster Universitetinin Memarlıq və Dizayn fakültəsinin tanınmış alimləri - professor Nasser Golzari və dosent Rosa Schiano di Cola AzMİU-nun qonağı olublar. Qonaqlar universitetin müəllim heyəti və magistr tələbələri ilə görüşərək müasir memarlıq təcrübəsi, abidələrin qorunması və bərpası, eləcə də ekoloji dayanıqlılıq prinsipləri mövzusunda təqdimatlar ediblər. Tədbir həm elmi, həm də praktik yönümlü müzakirələr üçün əlverişli platforma rolunu oynayıb.

Dörd gün davam edən proqram çərçivəsində Memarlıq və Ekologiya ixtisasları üzrə magistr tələbələri üçün iki elmi-praktik vorkşop və üç seminar keçirilib. Vorkşoplarda iştirakçılar memarlıq abidələrinin bərpası və yenidən qurulması mövzusunda layihələr üzərində işləyib, bu layihələrə ekoloji dayanıqlılıq və ətraf mühitin qorunması prinsiplərini tətbiq ediblər. Seminarlarda isə memarlıq elminin müasir problemləri, urbanist tədqiqat metodları, davamlı və “yaşıl” memarlıq yanaşmaları, enerji səmərəliliyi və ekoloji planlaşdırma məsələləri müzakirə olunub.

Vorkşop tələbələrin akademik və elmi biliklərini artırmaqla yanaşı, onların ekoloji düşüncə tərzinin və davamlı memarlıq prinsiplərini layihələrə tətbiq etmə bacarıqlarının inkişafına xidmət edib. Beynəlxalq müəllimlərin rəhbərliyi altında keçirilən interaktiv sessiyalar tələbələrə layihə işləmə, fikir mübadiləsi aparma və memarlıq abidələrinin qorunması sahəsində müasir yanaşmaları öyrənmək imkanı yaradıb.

Tədbirin yekununda iki universitet arasında gələcək əməkdaşlıq planları, o cümlədən ikili diplom proqramının genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb. Professor Nasser Golzari və dosent Rosa Schiano di Cola vorkşopun yüksək səviyyədə təşkilini qeyd edərək, AzMİU ilə gələcək birgə layihələrin həyata keçirilməsində maraqlı olduqlarını bildiriblər.

QIZĞIN DEBAT! Prezidentdən SƏRT MESAJLAR -Kimlər vəzifəsini itirəcək?
Son xəbərlərDaha çox