Son vaxtlar bəzi ali təhsil müəssisələrində məzunlara diplomların təqdim edilməsində gecikmələrin baş verdiyi barədə məlumatlar yayılıb. Bu məsələ məzunlar və onların valideynləri arasında müəyyən narahatlıq yaradıb.
Diplomların təqdim olunma prosesi ilə bağlı yaranan suallara aydınlıq gətirmək məqsədilə AzEdu.az Təhsil Portalı Azərbaycan Turizm və Menecment Universitetinə (ATMU) sorğu ünvanlanıb.
Sorğumuza Azərbaycan Turizm və Menecment Universitetindən cavab olaraq bildirilib ki, diplomların təqdim olunması prosesi artıq həyata keçirilir:
"Belə ki, bakalavr pilləsi üzrə diplomların verilməsinə oktyabr ayından başlanılıb.
Həmçinin magistratura pilləsi üzrə diplomların yazılma prosesi hazırda davam edir və noyabr ayının sonunadək imza mərhələsinin tamamlanması nəzərdə tutulur. Bu mərhələdən sonra məzunlara diplomların təhvil verilməsi ilə bağlı rəsmi elan ediləcək.
Bununla yanaşı, xarici ali təhsil müəssisələrinə qəbul olan bakalavr məzunlarına diplomlar sentyabr ayından etibarən təqdim olunub",- deyə ATMU-dan məlumat verilib.