Azərbaycan Universitetində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş növbəti tədbir keçirilib.
AzEdu.az xəbər verir ki, tədbirin qonaqları “Qarabağ” ordenli polkovnik Rəşad Aslanov, Vətən müharibəsi qaziləri Şirin Alıyev və Qismət Əliyev olub.
Tədbirdə Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Universitetin elmi işlər üzrə prorektoru Yusif Qasımov tədbirdə açılış nitqi ilə çıxış edərək, Azərbaycanın Qarabağ Zəfərinin böyük geosiyasi hadisə olduğunu vurğulayıb.
Prorektor bildirib ki, bu möhtəşəm Zəfər ölkədə illər boyu aparılmış ardıcıl iqtisadi siyasətin, ordu quruculuğu sahəsində atılan qətiyyətli addımların, ölkə başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin diplomatik məharətinin, prinsipial mövqeyinin, sərkərdəliyinin, Azərbaycan əsgərinin igidliyinin, andına, dövlətinə və xalqına sədaqətinin məntiqi nəticəsidir. Tarixi Zəfərin qazanılmasında Azərbaycan xalqının birliyi, Vətən sevgisi, həmçinin genetik yaddaşı da mühüm rol oynayıb. Azərbaycanın beynəlxalq hüquqa əsaslanan ədalətli mübarizəsi bu gün regionda sülhün və sabitliyin əsas təminatına çevrilib
Tədbirin qonaqları “Qarabağ” ordenli polkovnik Rəşad Aslanov, Vətən müharibəsi qaziləri Şirin Alıyev və Qismət Əliyev çıxışlarında keçdikləri döyüş yolundan epizodlar təqdim edib, şəhidlik zirvəsinə ucalan hərbçi yoldaşlarını hörmətlə anıb, qazilərə can sağlığı arzulayıblar. Çıxışlarda qeyd olunub ki, böyük qələbənin açarı Vətən sevgisidir. 44 günlük Vətən müharibəsində Azərbaycan xalqı yumruq kimi birləşib, onun hər fərdi ürəyi ilə arxa cəbhədə döyüşüb. Dövlət başçısı həm döyüş əməliyyatlarına rəhbərlik edib, həm də diplomatik cəbhədə mübarizə aparıb. Əsgər və zabitlər döyüş meydanlarında qəhrəmanlıq göstəriblər. Qələbənin əldə olunmasında əsgərə məktub yazan uşaqların da, pensiyasını cəbhəyə göndərən təqaüdçülərin də, informasiya müharibəsində savaşan yeniyetmələrin də böyük əməyi var. Bu zəfəri biz birlikdə qazanmışıq, indi onu qorumalı, yaşatmalı və zəfər ruhunu gələcək nəsillərə ötürməliyik. Bunun üçün hər vətəndaş öz işini, öz vəzifəsini, vicdanla və ən yüksək səviyyədə icra etməli, Azərbaycanı daha güclü, daha nüfuzlu ölkəyə çevirmək üçün səylə çalışmalıdır. Zəfəri qorumanın bir yolu da şəhidləri unutmamaqdır. Çünki şəhidlər yalnız unudulduqda ölürlər.