Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 8 Noyabr – Zəfər Günü münasibətilə şəhidlərin əziz xatirəsinə və Vətən müharibəsi iştirakçılarına həsr olunmuş silsilə tədbirlər keçirilib.
AzEdu.az xəbər verir ki, ilk olaraq AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova müharibə iştirakçısı və qazi tələbələrlə görüşüb. Görüşdə Zəfər Gününün tarixi əhəmiyyəti vurğulanıb, şəhidlərin xatirəsi ehtiramla yad edilib. Rektor qeyd edib ki, bu Qələbə xalqımızın birliyi, dövlətin siyasi iradəsi və ordumuzun qəhrəmanlığı sayəsində mümkün olub.
Daha sonra tədbirlər çərçivəsində Tikinti-İqtisad fakültəsində şəhid məzunlar Səmural Fətəliyev və Osman Cəfərovun barelyeflərinin açılışı olub. İnşaat fakültəsində isə şəhid məzunlar Elsəvər Əhədzadə, Zaur Dövlətov və Rauf İbadovun xatirəsinə yaradılmış anım guşəsinə baxış keçirilib. Çıxışlarda şəhidlərin həyat və döyüş yollarından bəhs edilib, onların göstərdiyi igidliyin gənclər üçün vətənpərvərlik nümunəsi olduğu vurğulanıb.
Qeyd edilib ki, AzMİU-da şəhidlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir – onların adını daşıyan guşə və barelyeflər yaradılır, ailələri mütəmadi ziyarət olunur, doğum və şəhidlik günləri qeyd edilir. Bu fəaliyyətlər universitetin şəhidlərə və qazilərə göstərdiyi yüksək ehtiramın ifadəsidir.