Azedu.az

Qarabağ Universitetinin tələbələri magistraturanı da öz universitetlərində oxuyacaqlar

Universitetlər

6 Noyabr 2025, 15:09
Qarabağ Universitetinin tələbələri magistraturanı da öz universitetlərində oxuyacaqlar

İki ildən sonra Qarabağ Universitetinin məzunları magistratura imtahanlarını da elə öz universitetlərində verəcəklər.

AzEdu.az xəbər verir ki, bu fikirləri Dövlət İmtahan Mərkəzində (DİM) “Zəfər Günü” ilə əlaqədar keçirilən tədbirdə DİM-in İdarə Heyətinin sədri Məleykə Abbaszadə səsləndirib.

“Biz gələcəyə baxırıq. Qarabağın inkişafı üçün nə etməyə gücümüz çatırsa, onu da edəcəyik. Çünki bu qələbəni tarixdə təsdiqləməyin yolu Qarabağı yaşatmaqdan keçir.

Bildiyiniz kimi, Dövlət İmtahan Mərkəzinin əməkdaşları arasında da həmin savaşda iştirak edənlər olub. Bizim qazilərimiz, əməkdaşlarımız o döyüşlərin bir parçası idilər.

Bu beş il ərzində qazilərimizə, şəhidlərimizin övladlarına göstərilən diqqət və qayğı heç vaxt azalmayıb, azalmayacaq da. Əlimizdə olan bütün imkanları onlar üçün səfərbər etməyə davam edəcəyik.

Qarabağda fəaliyyət göstərən məktəblərin kitabxanalarına biz hər il öz nəşrlərimizi göndəririk. Bu il də yeni nəşrləri göndərərək həmin kitabxanaları daha da zənginləşdirəcəyik.

Siz yaxşı bilirsiniz ki, Qarabağda ilk məktəblər açılan kimi, biz orada buraxılış imtahanlarını keçirməyə başladıq. Artıq iki ildir ki, qəbul imtahanları da Qarabağda təşkil olunur. Ümid edirəm ki, iki ildən sonra Qarabağ Universitetinin məzunları magistratura imtahanlarını da elə öz universitetlərində verəcəklər.

Hamınızı ürəkdən təbrik edirəm! Şəhidlərimizə Allah rəhmət eləsin.

Mən inanıram ki, xalqımız birləşəndə nələrə qadir olduğunu artıq sübut edib. Bu qələbəni birliklə qazandıq. Biz birlikdə çox şey edə bilərik. Arzum budur ki, bu birlik ruhu xalqımızda daim yaşasın və bizi yeni uğurlara, yeni qələbələrə aparsın.

Dünənki futbol oyunu da bu birliyin bir başqa nümunəsi idi”.

Rusiyaya DƏHŞƏTLİ ZƏRBƏLƏR - Lukoyl partladıldı
Son xəbərlərDaha çox