600-dən yuxarı bal toplayan tələbələrin böyük qismi Bakıda yerləşən ali təhsil müəssisələrində təhsil alır. Bununla belə, regionlarda yerləşən ali məktəblərdə də bu kateqoriyaya daxil olan tələbələrin sayı az deyil.
Qeyd etmək lazımdır ki, 600-dən artıq bal toplamasına baxmayaraq, bir çox abituriyentlər təhsillərini paytaxtda deyil, məhz region universitetlərində davam etdirməyi üstün tuturlar.
Maraqlıdır, bu il rayon universitetlərində ən yüksək neçə balla tələbə qəbul olub?
Mövzu ilə bağlı AzEdu.az Təhsil Portalı regionda yerləşən universitetlərə sorğu ünvanlayıb.
Sorğumuza cavab olaraq Mingəçevir Dövlət Universitetindən (MDU) bildirilib ki, cari tədris ilində 18 tələbə 500-dən yuxarı, 2 tələbə isə 600-dən yuxarı bal toplayaraq Mingəçevir Dövlət Universitetinin tələbəsi adını qazanıb:
“Ən yüksək bal toplamış tələbəmiz Şəbnəm Şirinovadır. O, 638,8 bal toplayaraq ‘Xarici dil müəllimliyi (ingilis dili üzrə)’ ixtisası üzrə MDU-nun tələbəsi adını qazanıb”.
Lənkəran Dövlət Universitetindən (LDU) verilən məlumata əsasən, builki qəbulda 500-dən artıq bal toplayan 40 tələbə olub:
“Onların içərisində bir tələbə, Əskərova Arzu Xəyyam qızı 620,1 bal toplayaraq Filologiya və ibtidai təhsil fakültəsinin Xarici dil müəllimliyi (ingilis dili üzrə) ixtisası üzrə təhsilini davam etdirir. Qeyd edək ki, keçən il bu rəqəm 30 olub. Bu il 10 nəfərlik artım var".
Gəncə Dövlət Universitetindən (GDU) qeyd edilib ki, Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasına qəbul olan Sona Hətəmova 672 balla ən yüksək nəticə göstərib:
“Riyaziyyat müəllimliyi üzrə Ayşən Aslanlı 617,6 balla dövlət sifarişli yerlərdən birinə yiyələnib. İnformatika (rəqəmsal bacarıqlar) müəllimliyi ixtisasında Nərmin Muradova 633,6 bal toplayıb. Xarici dil müəllimliyi (ingilis dili üzrə) ixtisasında isə Cənanə Əliyeva 603,9 bal, Günel Qurbanova 624,8 bal, Nuray Xəlilzadə 606,2 bal, Fatimə Musayeva 630 bal, Nigar Verdiyeva 628,8 bal, Fidan Rəcəbova 603,8 bal, Nurcan Körimova 653,7 bal və Fadaya Məmmədova 608,1 bal toplamaqla əyani təhsil üzrə dövlət sifarişi ilə qəbul olublar".
Azərbaycan Texnologiya Universitetindən verilən məlumata görə, 2025/26-cı tədris ili üzrə qeydə alınan ən yüksək bal 540,9 bal olub:
“Belə ki, Rəhimli Nurlan Cavid oğlu 540,9 balla İnformasiya təhlükəsizliyi ixtisasına qəbul olunub".