Ali təhsil müəssisələrinin beynəlxalq reytinqlərdəki mövqeyi təhsilin keyfiyyəti və universitetlərin qlobal mühitdə tanınması baxımından mühüm göstəricilərdən biri hesab olunur.
Bu səbəbdən universitetlərə hansı beynəlxalq reytinqlərdə yer aldıqlarına dair sorğu ünvanladıq.
Bakı Mühəndislik Universitetindən AzEdu.az-ın sorğusuna cavab olaraq bildirlib ki, ali təhsil sahəsində beynəlxalq analitik agentlik olan “QS Quacquarelli Symonds”un “QS Avropa 2025” (“QS Europe 2025”) reytinq cədvəlində uğurlu nəticə əldə edib.
Avropanın ən yaxşı ali təhsil ocaqlarının reytinqində növbəti dəfə yer alan BMU 60 pillə irəliləyərək 491-ci mövqeyə yüksəlib. BMU Qərbi Asiya universitetləri arasında isə 34-cü yerdə qərarlaşıb. Yeni reytinqə Avropanın ümumi 685 ali təhsil müəssisəsi daxil edilib.
Ötən il həmçinin, BMU dünyanın ən nüfuzlu reytinq cədvəllərindən biri olan “QS dünyanın ən yaxşı universitetlərinin reytinq siyahısı: dayanıqlılıq 2025” də yer alıb. BMU QS dayanıqlılıq reytinqində Azərbaycan universitetləri arasında dördüncü yerdə qərarlaşıb.
Bu il isə BMU dünya universitetlərinin yeni reytinq siyahısında (QS World University Rankings 2026) daha ciddi irəliləyişə nail olub. Siyahıda dünya üzrə ilk TOP 1000-ə daxil olan BMU ötən illə müqayisədə 550 pillə irəliləyərək 901-950 aralığında qərarlaşıb. Qeyd edək ki, ümumilikdə 6 universitetimiz “QS 2026 dünyanın ən yaxşı universitetlərinin reytinqi”ndə TOP 1000-ə daxil olub.