Lənkəran Dövlət Universitetində (LDU) 8 Noyabr-Zəfər Günü münasibətilə vətənpərvərlik, Qarabağ mövzusunda çəkilmiş filmin nümayişi olub.
Bu barədə AzEdu.az-a LDU-dan məlumat verilib.
Azərbaycan Kinematoqrafçılar İttifaqının həyata keçirdiyi layihə çərçivəsində rejissor Qulu Əsgərovun “Mən burdayam, ilahi!” filmi nümayiş etdirilib. Filmi LDU-nun professor-müəllim-tələbə-işçi heyəti yaradıcı heyətlə birgə izləyib. Məlumat üçün deyək ki, Vətən müharibəsi mövzusunda çəkilən “Mən burdayam, ilahi!” tammetrajlı bədii filmi rejissor Qulu Əsgərov tərəfindən 2023-ci ildə ekranlaşdırılıb. Ssenari müəllifi Nicat Dadaşov, bəstəkar Rasim Məmmədov, quruluşçu operator Vasif Vəlizadədir. Filmdə baş rolları respublikanın əməkdar artisti Rasim Cəfərov, aktyorlar Günay Həsən, Aygün Əlipənahova, Ayşad Məmmədov, Leyli Vəliyeva və başqaları ifa edirlər. Film nümayişindən sonra baş rolun ifaçısı Rasim Cəfərov filmlə bağlı təəssüratını tamaşaçılarla bölüşüb. Sonda çıxış edən müəllim və tələbələr maraqlı tamaşaya görə yaradıcı kollektivə minnətdarlıq bildiriblər, filmlə bağlı təəssüratlarından danışıblar.
Qeyd edək ki,layihənin əsas məqsədi, Azərbaycan tamaşaçılarını həm dünya kinosunun inciləri, həm də yerli və müstəqil filmlərlə tanış etmək, xarici filmlərin Azərbaycan dilində nümayişi vasitəsilə kino sənətinə daha geniş auditoriyanın çıxışını təmin etmək, həmçinin cəmiyyətdə müzakirə mədəniyyətini formalaşdırmaqdır. Bununla yanaşı,layihə tamaşaçıların filmlər ətrafında fikir mübadiləsi aparmasına şərait yaradaraq, kino mühitinin canlı və aktiv qalmasına töhfə verir.