Dövlət sifarişi əsasında təhsil alan tələbələrdən hər hansı formada ödəniş tələb olunması qanunvericiliyə ziddir.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən AzEdu.az-a bildirilib ki, belə tələbələrin təhsil xərcləri dövlət büdcəsi hesabına qarşılanır və bununla bağlı hər hansı maliyyə yükü tələbənin üzərinə qoyula bilməz.
Bu baxımdan, təhsil müəssisəsinin özəl statusu dövlət sifarişi əsasında qəbul olunmuş tələbələrin maliyyələşdirilməsi ilə bağlı dövlət tərəfindən müəyyən edilmiş hüquqi rejimi dəyişmir. Təhsil müəssisəsinin daxili maliyyə planlaşdırması, ayrılmış vəsaitin idarə olunması, yaxud ilin sonuna istifadə olunmamış vəsaitlə bağlı yaranmış hallar tələbələr üçün əlavə öhdəlik yaratmır. Universitet tərəfindən maliyyə məsələlərinin düzgün tənzimlənməməsinin nəticəsinə görə tələbə cavabdeh deyil.
Məsələ ilə bağlı aidiyyəti ali təhsil müəssisəsinin müraciətinə qanunvericiliyin tələblərinə uyğun olaraq baxılıb və rəsmi qaydada cavab verilib. Bildirilib ki, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 19.5-ci maddəsinə əsasən, ilin sonunda istifadə olunmamış və vahid xəzinə hesabına köçürülmüş vəsaitin geri qaytarılması Elm və Təhsil Nazirliyinin səlahiyyətləri çərçivəsində mümkün deyil.
Qeyd edək ki, Qərbi Kaspi Universitetində dövlət sifarişi ilə təhsil alan tələbələrdən hər birindən 375 AZN məbləğində əlavə ödəniş tələb edildiyi barədə məlumatlar yayılıb.
Belə ki, bəzi tələbələrin sözlərinə görə, dövlət sifarişi əsasında təhsil almalarına baxmayaraq universitet rəhbərliyi onlardan hər birindən 375 AZN tələb edir. Rəhbərlik bu ödənişi dövlət tərəfindən təhsil haqqının tam ödənilməməsi ilə əsaslandırır.
Universitet isə cavab olaraq bildirib ki, dövlət sifarişi ilə təhsil alan tələbələrin təhsil haqqı dövlət tərəfindən ödənilir, lakin 2025-ci ilin sonuna ayrılan vəsaitin bir hissəsi istifadə olunmadan dövlət büdcəsinə geri qaytarılıb. Nəticədə, artıq göstərilmiş təhsil xidmətlərinə görə universitetə ödənilməli olan məbləğ qarşılanmayıb. Bu səbəbdən universitet maliyyə çatışmazlığı ilə üzləşdiyini qeyd edir. Bildirilir ki, xüsusilə laboratoriyalar, texniki avadanlıqlar və akkreditasiya xərcləri üçün vəsaitə ehtiyac yaranıb. Universitet məsələnin həlli üçün aidiyyəti qurumlara müraciət etdiyini və cavab gözlədiyini açıqlamışdı.