Azərbaycan Ordusunun parlaq tarixində mühüm yer tutan Aprel döyüşlərindən 10 il ötür. Bu şanlı qələbədə iştirak edənlərdən biri də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunu, hazırda həmin ali təhsil ocağında çalışan Azər Həsənovdur.
AzEdu.az bu əlamətdar tarix münasibətilə Azər Həsənovla əlaqə saxlayaraq onun təəssüratlarını öyrənib.
ADMİU-nun Kino-televiziya fakültəsinin Ədəbi yaradıcılıq və ekran dramaturgiyası (ədəbi iş) ixtisası üzrə 2011-2015-ci illərdə bakalavr, 2016-2018-ci illərdə isə magistr təhsili alan Azər Tahir oğlu Həsənov hazırda universitetdə Televiziya və kino tədris studiyasının müdiri kimi çalışır. Həqiqi hərbi xidmətini Murovdağ istiqamətində keçən Azər 2016-cı ildə Aprel döyüşlərində iştirak edib.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı o, könüllü olaraq cəbhəyə yollanmaq üçün müraciət edib və bir gün sonra döyüşlərə qatılıb. Çavuş rütbəsi daşıyan Azər Həsənov manqa komandiri kimi Füzuli, Cəbrayıl və Zəngilan istiqamətlərində döyüş yolu keçib, həmçinin Xocavənd rayonunun və Zəngilan-Qafan sərhədinin müdafiəsində iştirak edib. Birinci Qarabağ müharibəsinin veteranı olan mərhum atası Tahir Həsənovdan ilham alan Azər 2021-ci il yanvarın 4-də tərxis olunub. O, dövlət tərəfindən “Vətən müharibəsi iştirakçısı”, “Cəbrayılın azad olunmasına görə” və “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Azər Həsənov tələbəlik illərini xüsusi məmnunluqla xatırlayır:
“Tələbəlik illərim çox gözəl keçib. Sevdiyim sahədə təhsil almışam, dəyərli müəllimlərdən dərs öyrənmişəm və daha sonra elə həmin universitetdə əmək fəaliyyətinə başlamışam. Vaxtilə mənə dərs demiş sənətkarlarla eyni kollektivdə çalışmaq insana böyük qürur verir".
Hərbçi ailəsində böyüməsi onun həyat yoluna ciddi təsir göstərib:

“Mən hərbçi ailəsində anadan olmuşam. Atam Birinci Qarabağ müharibəsinin veteranı idi və tez-tez döyüş xatirələrini danışardı. O torpaqların bizim üçün nə qədər dəyərli olduğunu daim vurğulayardı. Aprel döyüşləri zamanı əsgər kimi xidmətdə idim. Vətən müharibəsi başlayanda isə könüllü olaraq döyüşlərə qoşuldum".
Döyüş xatirələrindən danışarkən o, həmin anların həm qürurverici, həm də ağır olduğunu qeyd edir:

“Hər bir kənd azad olunduqca böyük qürur hissi keçirirdik. Döyüşlərə girməzdən əvvəl bizə boş giliz verilirdi. Hər kəs həmin gilizin içinə adını, soyadını və əlaqə nömrəsini yazmalı idi ki, şəhid olacağı halda tanınmaz vəziyyətdə olarsa, kimlə əlaqə saxlanılsın. Nömrə hissəsinə çatanda isə insan istər-istəməz düşünürdü: "Kim mənim ölümümü soyuqqanlı qarşılayar ki, onun nömrəsini yazım?"".
Azər Həsənov döyüş yoldaşlarını da ehtiramla xatırlayır:
“Bəli, şəhid olan yoldaşlarımız oldu. Allah hər birinə rəhmət eləsin. Biz daim onlara borcluyuq. Qələbə qazanan ordunun bir parçası kimi geri qayıtdıqdan sonra daha məsuliyyətli və diqqətli oldum. Həmin adı qorumağa çalışıram".

Həmsöhbətimiz gənclərə müraciət edərək onları tarixlərini unutmamağa çağırır:
“Gənclərə tövsiyəm odur ki, tariximizi yaxşı öyrənsinlər və heç nəyi unutmasınlar. Bu vətənin hər qarışı şəhidlərimizin qanı ilə alınıb. Vətənpərvərlik təkcə döyüşmək deyil. Tələbənin yaxşı oxuması, cəmiyyətə faydalı vətəndaş kimi yetişməsi də əsl vətənpərvərlikdir.”
