Bakı Mühəndislik Universitetində (BMU) İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
AzEdu.az xəbər verir ki, görüşdə çıxış edən BMU-nun rektoru Yaqub Piriyev universitetin Strateji İnkişaf Proqramında yer alan əsas hədəflər, o cümlədən ali məktəbdə son illər həyata keçirilən islahatlar barədə məlumat verib. Bildirilib ki, universitetdə təhsilin keyfiyyətinin yüksəldilməsi, elmi-tədqiqat fəaliyyətinin genişləndirilməsi və beynəlxalq əlaqələrin gücləndirilməsi istiqamətində mühüm addımlar atılıb. Maddi-texniki bazanın möhkəmləndirilməsi yönündə də ardıcıl işlər görülüb, müasir laboratoriyalar yaradılıb, tədris infrastrukturu yenilənib və qabaqcıl texnoloji imkanlar tələbələrin istifadəsinə təqdim olunub.
Eyni zamanda, yüksəkixtisaslı kadr hazırlığı ilə bağlı atılan addımlar çərçivəsində Çin və Cənubi Koreya universitetləri ilə ikili diplom proqramları həyata keçirilir, 6 ixtisasın beynəlxalq akkreditasiyası reallaşdırılıb. Bundan başqa, BMU QS reytinqində dünya üzrə ilk 1000-yə, Avropa üzrə isə ilk 400-yə, həmçinin “QS World University Rankings by Subject 2026”-da 2 ixtisas kateqoriyası üzrə reytinq siyahısına daxil olub və bu da universitetin beynəlxalq səviyyədə artan nüfuzunun göstəricisidir.
Rektor 4SİM-in Dünya İqtisadi Forumu ilə sıx əməkdaşlığına toxunaraq ötən il BMU-nun qlobal bilik şəbəkələrinə çıxışını təmin edən Forumun Strategic Intelligence platformasında məzmun təminatçısı statusunu alan ilk Azərbaycan universiteti olduğunu vurğulayıb. Universitetin qlobal bilik və analitik şəbəkələrə inteqrasiyasını mühüm addım kimi dəyərləndirən Yaqub Piriyev bu işdə dəstəyə görə 4SİM rəhbərliyinə təşəkkürünü bildirib. Əlavə edib ki, bu kimi alətlərin tətbiqi nəticəsində universitetin elmi fəaliyyətində müsbət dinamika müşahidə olunur.
Öz növbəsində 4SİM-in icraçı direktoru Fariz Cəfərov qurumun fəaliyyəti, cari təşəbbüslər, o cümlədən mərkəz tərəfindən ölkədə rəqəmsal iqtisadiyyatın inkişafı, süni intellekt, sənayenin transformasiyası ilə bağlı gerçəkləşdirdiyi layihələr barədə geniş təqdimatla çıxış edib. Dünya İqtisadi Forumu ilə sıx əməkdaşlıq edən 4SİM-in qabaqcıl beynəlxalq təcrübənin ölkəmizdə tətbiqi istiqamətində atdığı mühüm addımlar, rəqəmsal iqtisadiyyatın inkişafına dair strategiya ilə bağlı həyata keçiriləcək işlər diqqətə çatdırılıb. Həmçinin bildirilib ki, “Milli Proqram” çərçivəsində insan kapitalının inkişafı prioritet istiqamətlərdən biridir. Hazırda rəqəmsal bacarıqların artırılması, müasir texnologiyalar üzrə ixtisaslı kadrların hazırlanması və əmək bazarının tələblərinə uyğun kompetensiyaların formalaşdırılması istiqamətində kompleks tədbirlər davam etdirilir.
Görüşdə BMU tələbələri və əməkdaşlarının 4SİM-in “Milli Proqram”ında fəal iştirakı qeyd olunub. Məlumat verilib ki, 1300-ə yaxın tələbə və müəllim “Coursera” platformasında 3800-dən çox beynəlxalq kursu uğurla başa vurub.
Ali təhsildə innovasiyaların tətbiqi, rəqəmsal transformasiya və Dördüncü Sənaye İnqilabının tələblərinə uyğun kadr hazırlığı, habelə süni intellekt, innovasiya, təcrübə mübadiləsi və startap təşəbbüslərinin dəstəklənməsi istiqamətlərində əməkdaşlıq imkanlarının müzakirəsi ilə davam edən görüşdə nəzərə çatdırılıb ki, 4SİM-in koordinasiyası ilə BMU-da “Apple” Səlahiyyətli Təlim Mərkəzinin yaradılması layihəsi yekunlaşmaq üzrədir. Layihə çərçivəsində universitet tərəfindən təyin edilmiş müəllimlərin “Apple” tərəfindən sertifikatlaşdırılması, “Swift ilə tətbiq hazırlanması” üzrə təlimlərin təşkili və tələbələrin “App Store” üçün tətbiq inkişaf etdirmə bacarıqlarının artırılması planlaşdırılır. Hazırda BMU üzrə 6 müəllim layihəyə cəlb olunub, onlardan 2 nəfəri artıq Apple təlimçi sertifikatı əldə edib. Təlim mərkəzi üçün xüsusi otaq ayrılıb. Növbəti mərhələdə kurikulum inteqrasiyası və açılış mərasiminin təşkili planlaşdırılır. Görüşdə insan kapitalının inkişafı istiqamətində BMU-da tələbələr üçün kriptovalyuta, veb3 və blokçeyn texnologiyaları üzrə təlimlərin təşkili, “Tələbə Blokçeyn Klubu”nun yaradılması kimi məsələlər də diqqət mərkəzində olub.
Ardınca BMU-nun laboratoriyaları və Texnoparkı ilə tanış olan mümayəndə heyəti mövcud imkanları, innovativ mühiti yüksək qiymətləndirib.