“Qərbi Kaspi” Universitetində dövlət sifarişi ilə təhsil alan tələbələrdən hər birindən 375 AZN məbləğində əlavə ödəniş tələb edildiyi barədə məlumatlar yayılıb.
AzEdu.az xəbər verir ki, bəzi tələbələrin sözlərinə görə, dövlət sifarişi əsasında təhsil almalarına baxmayaraq universitet rəhbərliyi onlardan hər birindən 375 AZN tələb edir. Rəhbərlik bu ödənişi dövlət tərəfindən təhsil haqqının tam ödənilməməsi ilə əsaslandırır.
Tələbələrin sözlərinə görə, ödəniş edilmədiyi halda onlara imtahanlara buraxılmayacaqları və universitetdən kəsiləcəkləri barədə xəbərdarlıq olunub. Tələbələr bu addımı haqsız və qanunsuz hesab edirlər, çünki dövlət sifarişi ilə təhsil alan tələbələrin təhsil haqları dövlət büdcəsi hesabına maliyyələşdirilir.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən Azərbaycan müəllimi"nə bildirilib ki, dövlət sifarişi əsasında təhsil alan tələbələrdən təhsil haqqı formasında hər hansı ödənişin tələb olunması qanunaziddir: "Dövlət sifarişi ilə təhsil alan tələbələrin təhsil haqları dövlət tərəfindən müvafiq qaydada təhsil müəssisələrinə ödənilir. Bu baxımdan, nə dövlət, nə də özəl ali təhsil müəssisəsi tələbədən həmin ödənişin hər hansı bir hissəsini tələb edə bilməz".
Agentliyin açıqlamasında bildirilir ki, qeyd olunan məsələ ilə bağlı araşdırma aparılır, sözügedən özəl ali təhsil müəssisəsinə məsələnin həlli istiqamətində müvafiq tövsiyələr verilib.
Rəsmi qurumlar tərəfindən məsələnin araşdırıldığı qeyd olunur.