Azedu.az

Azərbaycan universitetlərinin diplomları bütün ölkələrdə TANINIR - SORĞU

Universitetlər

2 Aprel 2026, 11:15
Azərbaycan universitetlərinin diplomları bütün ölkələrdə TANINIR - SORĞU

Qloballaşma şəraitində ali təhsil diplomlarının beynəlxalq səviyyədə tanınması mühüm əhəmiyyət kəsb edir. Tələbələrin xaricdə təhsilini davam etdirməsi və beynəlxalq əmək bazarına çıxışı bu prosesdən birbaşa asılıdır. Bununla belə, diplomların tanınması müxtəlif ölkələrdə fərqli qaydalarla tənzimlənir.

Maraqlıdır ki, Azərbaycan ali təhsil müəssisələrinin diplomları hansı xarici ölkədə tanınır? 

Mövzu ilə bağlı AzEdu.az universitetlər arasında sorğu keçirib. 

Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən (ADNSU) sorğumuza cavab olaraq bildirilib ki, ADNSU-nun diplomu beynəlxalq səviyyədə tanınır. Universitetin məzunları dünyanın müxtəlif ölkələrində yüksək vəzifələrdə uğurla fəaliyyət göstərirlər. Bununla yanaşı, universitetin 18 ixtisası beynəlxalq akreditasiyadan keçmişdir.

Sumqayıt Dövlət Universitetindən (SDU) bildirilib ki, Sumqayıt Dövlət Universitetinin diplomlarının xarici ölkələrdə tanınması beynəlxalq hüquqi mexanizmlər və ayrı-ayrı ölkələrin milli qanunvericiliyinə uyğun şəkildə həyata keçirilir. Bu baxımdan diplomların tanınması prosesi ölkədən ölkəyə fərqlənə bilər:

"Azərbaycan Respublikasının qoşulduğu Lisbon Recognition Convention çərçivəsində universitetin diplomları Avropa məkanında qiymətləndirilə və tanınma üçün təqdim oluna bilir. Qeyd etmək lazımdır ki, bu proses avtomatik xarakter daşımır və hər bir ölkənin müvafiq qurumları tərəfindən müəyyən edilmiş prosedurlara uyğun şəkildə həyata keçirilir.

Eyni zamanda, diplomların tanınması ENIC-NARIC Network vasitəsilə də təmin olunur. Bu şəbəkə Avropa ölkələri ilə yanaşı, MDB məkanı, o cümlədən Rusiya, Qazaxıstan, Ukrayna, Belarus və Gürcüstan, həmçinin Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Çin, Cənubi Koreya, ABŞ və Kanada kimi ölkələri əhatə edir.

Beləliklə, Sumqayıt Dövlət Universitetinin diplomları geniş coğrafiyada tanınma imkanına malikdir və məzunlar müxtəlif ölkələrdə təhsillərini davam etdirmək və ya peşə fəaliyyətinə başlamaq üçün müraciət edə bilirlər".

Azərbaycan Dövlət İqtisad Universitetindən (UNEC) bildirlib ki, UNEC-in diplomu hər yerdə tanınır. Həmçinin, bakalavr məzunlarımız istənilən ölkənin TOP universitetinə magistraturaya qəbul ola bilirlər.

Azərbaycan Universitetindən (AU) sorğumuza cavab olaraq bildirlib ki, Azərbaycan Universitetinin diplomları xaricdə tanınır, bu barədə keçən ilin sonuna doğru Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədovun mətbuata açıqlaması da olub:

"Digər yandan, bizim məzunlarımız dünyanın müxtəlif ölkələrində təhsillərini magistratura və doktorantura səviyyələrində davam etdirir, həmçinin əmək fəaliyyəti ilə məşğul olurlar. Diplomları ilə bağlı hər hansı tanınma problemi yaşamırlar və beynəlxalq standartlara uyğun qəbul edilirlər".

Azərbaycan Texniki Universitetindən (AzTU) verilən məlumata əsasən, AzTU-nun diplomu Avropa və Asiya ölkələrində tanınır. 

Azərbaycan Memarlıq və İnşaat Universitetindən (AzMİU) sorğumuza cavab olaraq bildirlib ki, AzMİU-nun diplomları  Azərbaycanın rəsmi dövlət ali təhsil müəssisələrinin diplomlarının tanındığı bütün ölkələrdə tanınır. Hansı ölkənin elm və ali təhsil sahəsinə cavabdeh qurumları ilə Azərbaycan Respublikasının müvafiq qurumları arasında diplomatik əlaqələr, rəsmi sənədlərin qarşılıqlı tanınması və müvafiq razılaşmalar mövcuddursa, həmin ölkələrdə universitetin diplomları da tanınır.

Azərbaycan Dövlət Pedaqoji Universitetindən (ADPU) bildirlib ki, ADPU-nun diplomları beynəlxalq konvensiyalara uyğun olaraq dünyanın bütün ölkələrində tanınır. 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən (ADMİU) qeyd olunub ki, ali məktəbin diplomu apostil qaydası olan bütün ölkələrdə tanınır.

Azərbaycandan qalxan təyyarəni İsrail vurdu? - DƏHŞƏTLİ İDDİA
Son xəbərlərDaha çox