Azedu.az

Universitetlərin Aprel döyüşlərində iştirak edən məzunları - TANIYAQ

Universitetlər

2 Aprel 2026, 10:11
Universitetlərin Aprel döyüşlərində iştirak edən məzunları - TANIYAQ

2016-cı ilin aprel ayında baş verən və tarixə Aprel döyüşləri kimi düşən hərbi toqquşmalar Azərbaycan Ordusunun şücaəti ilə yadda qaldı.

Qısa müddət ərzində baş verən bu döyüşlərdə yüzlərlə hərbçi böyük qəhrəmanlıq göstərdi, bir çoxu isə Vətən uğrunda canından keçərək şəhidlik zirvəsinə ucaldı. Həmin döyüşlərdə iştirak edənlər arasında müxtəlif ali təhsil müəssisələrinin məzunları da olub.

Mövzu ilə bağlı AzEdu.az Təhsil Portalı ali təhsil müəssisələrinə sorğu ünvanlayıb.

Sorğumuza cavab olaraq Azərbaycan Dövlət İqtisad Universitetindən (UNEC) bildirib ki, 2 məzunu şəhid olub:

Tural Sabir oğlu Dadaşov 24 avqust 1993-cü ildə Bakıda anadan olub. Nizami rayon 210 saylı orta məktəbi bitirib. 2011-ci ildə 472 balla UNEC-ə qəbul olunub. 2015-ci ildə UNEC-in Kommersiya fakültəsindən məzun olaraq, hərbi xidmətə yollanıb. 2016-cı ilin aprel hadisələrində, hərbi xidmətini başa vurmasına iki ay qalmış Tərtər rayonunda gedən döyüşlərdə şəhid olub. Şəhidin meyiti aprelin 8-də döyüş meydanında aşkarlanıb. Bakıya gətirilərək, aprelin 9-da Suraxanı məzarlığında dəfn edilib.Ölümündən sonra 3-cü dərəcəli “Hərbi xidmətdə fərqlənməyə görə” medalı ilə təltif edilib.

Mahir Mirzəyev 17 fevral 1994-cü ildə Bakı şəhərində anadan olub. 36 saylı orta məktəbi bitirib, 2011-ci ildə 541 balla Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olunub. 2015-ci ildə UNEC-in İqtisadiyyat fakültəsindən məzun olaraq, hərbi xidmətə yollanıb. Mahir 2016-cı ildə, aprel hadisələrində Tərtər rayonu istiqamətində gedən döyüşlərdə şəhid olub.

Ölümündən sonra 3-cü dərəcəli “Hərbi xidmətdə fərqlənməyə görə” medalı ilə təltif edilib”.

Azərbaycan Texniki Universitetindən (AzTU) verilən məlumata görə, universitetin məzunları Aprel döyüşlərində şəhidlik zirvəsinə yüksəlib:

"Müşfiq Orucov İnformasiya texnologiyaları və telekommunikasiya fakültəsinin Kompüter elmləri ixtisası üzrə, Quliyev Mahir Qadir oğlu isə Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi ixtisası üzrə (2015-ci il məzunu) təhsil alıb. Axundov Əbdülməcid Nadirşah oğlu da universitetin məzunlarından biri olub. Mirzəyev Elvin Azadxan oğlu isə Energetika fakültəsinin Elektrik mühəndisliyi ixtisası üzrə 2015-ci ildə məzun olub".

Azərbaycan Dövlət Pedaqoji Universitetindən (ADPU) qeyd edilib ki, Qubad İftixar oğlu Quliyev və Samir Rüfət oğlu Cəfərov bu döyüşlərin iştirakçıları olublar:

"Qubad Quliyev 1997-ci ildə Sabirabad rayonunda anadan olub, 2015-ci ildə hərbi xidmətə yollanıb və 2016-cı ilin Aprel döyüşlərində iştirak edib. O, xidmətini başa vurduqdan sonra 2018-ci ildə universitetin fizika müəllimliyi ixtisasına qəbul olunub. Samir Cəfərov isə 1997-ci ildə Cəlilabad rayonunda anadan olub, 2015-ci ildə hərbi xidmətə gedib, 2016-cı ilin döyüşlərində iştirak edib və igidlik nümayiş etdirib. O da 2018-ci ildə ADPU-nun tarix müəllimliyi ixtisasına qəbul olunub".

Azərbaycan Universitetindən (AU) isə bildirib ki, universitetin məzunu Fəxrəddin Qurbanlı da Aprel döyüşlərində şəhid olub.

"O, 2015-ci ildə universiteti bitirdikdən sonra hərbi xidmətə yollanıb və 2016-cı ilin aprelində Tərtər istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak olub".

Bakı Dövlət Universitetindən qeyd edilib ki,(BDU) universitetin məzunu Ceyhun Şalıyev 2011-2015-ci illərdə BDU-nun Hüquq fakültəsində təhsil alıb:

"2016-cı ildə Aprel döyüşlərində iştirak edib. 2020-ci ildə Vətən müharibəsində könüllü iştirak edən Ceyhun Şalıyev torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə mərdlik və fədakarlıq nümunəsi göstərib. O, Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə şəhid olub".

Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə Ceyhun Şalıyev “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

Azərbaycan Mədəniyyət və İncəsənət Universitetindən (ADMİU) verilən məlumata əsasən, universitetin məzunları Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak ediblər:

Leytenant Süleyman Bağırov həm Aprel döyüşləri zamanı, həm də Vətən müharibəsi dövründə şücaətlə vuruşub.2010-2014-cü illərdə ADMİU-nun Rəssamlıq fakültəsi, sənətşünaslıq ixtisası "Təsviri sənət tarixi və nəzəriyyəsi" ixtisaslaşması üzrə təhsil alıb. Tələbəlik illərində  universitetin Tələbə Gənclər Təşkilatının üzvü olmaqla yanaşı, həm də  ictimai əsaslarla bir neçə televiziya kanalı ilə əməkdaşlıq edib. O, Vətən müharibəsində şəhidlik zirvəsinə ucalıb.

Azər Həsənov da hər iki döyüşdə iştirak edib. O, Kino-televiziya fakültəsi Ədəbi yaradıcılıq və ekran dramaturgiyası (Ədəbi iş) ixtisasının 2011-2015-ci illər bakalavr, 2016-2018-ci illər magistr məzunu olub. Azər Tahir oğlu Həsənov Televiziya və kino tədris studiyasının müdiri vəzifəsində çalışır.

Rüfət Cabbarov 2009-cu ildə Mədəni-maarif texnikumunun aktyorluq fakültəsinə qəbul olub. 2019-cu ildə isə ADMİU-nun Teatr sənəti fakültəsinin Dram rejissorluğu ixtisasına daxil olub.

Leytenant Ceyhun Əlizadə 2010-2014-cü illərdə ADMİU-nun Teatr sənəti fakültəsinin tələbəsi olub.

Şahmar Məmmədov da həm Aprel döyüşlərinin, həm də Vətən müharibəsinin iştirakçıları sırasında yer alıb. 2011-c ildə ADMİU-nun Rejissorluq fakültəsinə qəbul olub".

Beləliklə, Aprel döyüşləri bir daha göstərdi ki, Vətən uğrunda mübarizəyə qoşulan gənclər cəmiyyətin müxtəlif sahələrini, o cümlədən ali təhsil müəssisələrinin məzunlarını da əhatə edir.

Trampdan MƏHV EDİN! əmri - Ordusu İranı darmadağın edir
Son xəbərlərDaha çox