Bakı Mühəndislik Universitetinin (BMU) dosenti Sevinc Əliyeva və “Dizayn” ixtisası üzrə II kurs tələbəsi Ləman Səfərlinin daxil olduğu komanda Cenevrə şəhərində keçirilən 51-ci Beynəlxalq İxtiralar Sərgisində Azərbaycanı uğurla təmsil edərək yüksək nailiyyət qazanıb.
AzEdu.az xəbər verir ki, Azərbaycan bu mötəbər beynəlxalq platformada mühəndislik, kosmik texnologiyalar, tibb və aqrotexnologiya sahələrini əhatə edən 5 startap layihəsi ilə təmsil olunub. Sərgidə BMU nümayəndələrinin də daxil olduğu komandanın təqdim etdiyi “A.I.N.O.S” layihəsi qızıl medala, “S.O.N.I.A” layihəsi isə bürünc medala layiq görülüb.
“A.I.N.O.S” layihəsi kosmik cisimləri 16.3 parsek məsafəyədək real vaxt rejimində izləyə bilən, lazer və yüksək həssaslıqlı optik sistemlərlə təchiz edilmiş innovativ həll kimi diqqət çəkib. “S.O.N.I.A” layihəsi isə süni intellekt əsaslı, 2 saatadək avtonom fəaliyyət göstərə bilən, axtarış-xilasetmə və relyef xəritələşdirmə funksiyalarına malik pilotsuz uçuş aparatı kimi yüksək qiymətləndirilib.
Bu uğur Azərbaycan alimləri və gənc tədqiqatçıların beynəlxalq innovasiya ekosistemində rəqabətqabiliyyətli potensialını bir daha nümayiş etdirir. Eyni zamanda, bu nailiyyət ölkəmizin elmi və texnoloji imkanlarının beynəlxalq səviyyədə tanıdılmasına mühüm töhfə verir.
Qeyd edək ki, Azərbaycan bu il sözügedən nüfuzlu sərgidə ilk dəfə iştirak edib. Komandaların sərgidə iştirakı Gənclər və İdman Nazirliyinin dəstəyi ilə baş tutub. Sərgiyə 30-dan çox ölkədən 1000-dən artıq ixtira təqdim edilib və innovasiya, elm, texnologiya sahələrində ən perspektivli layihələr beynəlxalq münsiflər heyəti tərəfindən qiymətləndirilib.