Bakı Mühəndislik Universitetində (BMU) tələbələr üçün karyera inkişafı çərçivəsində özünü təqdimetmə sənədlərinin hazırlanması və iş müsahibəsinə hazırlıq üzrə təlim keçirilib.
AzEdu.az xəbər verir ki,universitetin Müəssisələrlə əlaqələr və karyera mərkəzi tərəfindən təşkil olunan tədbirdə “Azərsun Holdinq” şirkətinin İstedadların cəlbi üzrə baş mütəxəssisləri Fidan Qədiməliyeva Əsədova və Merac Baharov çıxış edərək tələbələrə karyera qurmaqla bağlı vacib məqamlar haqda məlumat veriblər. Onlar “İşə qəbulun gizli mexanizmi-Universitetdən karyeraya doğru” mövzusu çərçivəsində əmək bazarında uğur qazanmaq üçün zəruri bacarıqlar, işə qəbul prosesinin mərhələləri və şirkətlərin namizədlərdən gözləntiləri haqqında danışıblar.
Təlim zamanı tələbələrə CV-nin düzgün hazırlanmasının əhəmiyyəti izah olunub. Mütəxəssislər CV-də mütləq yer almalı olan bölmələr, onun ideal strukturu, işəgötürənlərin sənədə baxarkən diqqət yetirdiyi məqamlar və mənfi təsir yaradan səhvlər barədə ətraflı informasiyalar təqdim ediblər.
Bununla yanaşı, iş müsahibələrində özünü düzgün təqdim etməyin yolları, tez- tez verilən suallara cavab strategiyaları və namizədlərin diqqət etməli olduqları davranış qaydaları barədə də praktiki tövsiyələr verilib.
Tədbirin sonunda tələbələrin sualları cavablandırılıb.