Ali məktəblərdə ödənişli təhsilin məbləği ətrafında gedən müzakirələr son dövrlərdə daha da intensivləşib və bu məsələ cəmiyyətin müxtəlif təbəqələrinin diqqət mərkəzindədir. Bu ödənişlər bir tərəfdən ali təhsil müəssisələrinin fəaliyyətinin maliyyələşdirilməsində mühüm rol oynayır, digər tərəfdən isə təhsil mühitinin yaxşılaşdırılması, yeni imkanların yaradılması və ümumi inkişafın təmin olunmasına təsir göstərir.
Maraqlıdır, 2026-2027-ci tədris ili üzrə universitetlərdə təhsil haqları artırılacaqmı? Ümumiyyətlə hazırkı təhsil haqları xərcləri ödəyirmi?
Mövzu ilə bağlı AzEdu.az universitet və akadamiyalararası sorğu keçirib.
Sorğumuza cavab olaraq Azərbaycan Dövlət İqtisad Universitetin (UNEC) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnarə Məmmədova bildirib ki, UNEC-də təhsil haqlarının artırılması nəzərdə tutulmayıb.
Lənkəran Dövlət Universitetinin (LDU) İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Esmira İsmayılova söyləyib ki, cari ildə LDU-da təhsil haqlarının artırılması nəzərdə tutulmayıb:
“Lakin, növbəti illərdə Respublika Statistika Komitəsinin təqdim etdiyi inflyasiya faizi nəzərə alınmaqla artırılması məsələsi gündəmə gələ bilər.
Universetdə optimal idarəetmə sistemi qurulduğundan, həmçinin tədris prosesi kredit sisteminin tələblərinə tam əməl olunmaqla təşkil edildiyindən hazırkı təhsil haqqı ödənişləri xərcləri tam şəkildə ödəyir, hətta maddi-texniki bazanın gücləndirilməsi üçün əlavə vəsait də qalır. Qeyd edirik ki, professor - müəllim heyəti və digər əməkdaşların əmək haqqı respublika universitetləri üzrə orta əmək haqqıdan xeyli yüksəkdir”.
Həmçinin Azərbaycan Dövlət Pedaqoji Universitetindən (ADPU), Azərbaycan Universiteti (AU), Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ADA universitetindən, Azərbaycan Texniki Universitetindən (AzTU), Azərbaycan Dillər Universitetindən (ADU), Mingəçevir Dövlət Universitetindən (MDU), Xəzər Universitetindən qeyd edilib ki, növbəti tədris ili üçün təhsil haqlarının artırılması planlaşdırılmayıb.