Azedu.az

Universitetlər əcnəbi tələbələri necə cəlb edə bilər? - əsas AMİLLƏR

Universitetlər

18 Mart 2026, 14:43
Universitetlər əcnəbi tələbələri necə cəlb edə bilər? - əsas AMİLLƏR

Son illərdə ölkələr dünyada təhsilin beynəlxalq səviyyədə tanıdılması və xarici tələbələrin cəlbi üçün müxtəlif strategiyalar tətbiq edir. Ölkəmiz də bu sahədə addımlar atmaqdadır.

Maraqlıdır, ölkəmizə xarici tələbələri cəlb etmək və universitetlərimizin beynəlxalq aləmdə tanınmasını artırmaq üçün mövcud təhsil siyasətləri və strategiyaları kifayət edirmi? 

Mövzu ilə bağlı AzEdu.az-a fəlsəfə doktoru, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov açıqlama verib.

178981

Universitetlərimizdə ikidilli mühit hələ tam formalaşmayıb:

"Ölkəmizin beynəlxalq təhsil bazarında rəqabət qabiliyyətini artırmaq üçün mövcud strategiyalar əsas təməl yaradır. Lakin ekosistem səviyyəsində görüləsi işlər hələ çoxdur. Xarici tələbələrin cəlb edilməsi yalnız viza və yataqxana məsələsi deyil, həm də təhsil ixracı strategiyasıdır. Bu, eyni zamanda təhsil turizmi kimi də dəyərləndirilə bilər.

Cəlbediciliyi artırmaq üçün birinci növbədə mövcud resurslarımızı analiz etməliyik. Bura nələr daxildir? Əsas çatışmazlıqlardan biri ingilis dilli proqramların azlığı və mövcud akademik heyətin beynəlxalq mühitə adaptasiyasıdır. Universitetlərimizdə ikidilli mühit hələ tam formalaşmayıb. Burada söhbət həm akademik heyətdən, həm də tədris proqramlarının ingilis dilində tədris olunmasından gedir.

Digər tərəfdən, infrastruktur məsələsi də önəmlidir. Bura müasir kampus modelləri, elmi tədqiqat laboratoriyaları, rəqəmsal kitabxanalar, universitetlərin tələbələr üçün təcrübə keçmələri məqsədilə texnoparklar və texnoloji mərkəzlərinin mövcudluğu daxildir. Bu, xarici tələbələr üçün cəlbediciliyi artıran vacib elementlərdən biridir. Hazırda bu sahədə yalnız müəyyən fraqmentlər mövcuddur; yəni, müəyyən görüntülər müşahidə olunur".

Universitetlər proqramlarını beynəlxalq səviyyədə akkreditasiyadan keçirməlidirlər. Bu, diplomun dünyada tanınma dərəcəsini birbaşa artırır:

"Universitetlərin bu istiqamətdə atmalı olduqları bir neçə əsas addım var. Universitetlər proqramlarını beynəlxalq səviyyədə akkreditasiyadan keçirməlidirlər. Bu, diplomun dünyada tanınma dərəcəsini birbaşa artırır.

Məsələn, Türkiyə universitetlərində bəzi tanınmış universitetlər akkreditasiya nişanı alırlar. Bu o deməkdir ki, həmin diplom Avropa məkanında şərtsiz tanınır. Bunun səbəbi odur ki, universitetlər proqramlarını Avropa standartları səviyyəsində qurur və müvafiq akkreditasiya prosesindən keçirirlər. Digər tərəfdən, Avropada, Amerika Birləşmiş Ştatlarında və dünyanın aparıcı universitetləri ilə ortaq proqramların qurulması tələbələr üçün cəlbediciliyi daha da artırır".

Xarici tələbə sadəcə mühazirə dinləməyə gəlmir, həm də elmi araşdırmalarda iştirak etmək istəyir:

"Universitetlər həmçinin tədqiqat universiteti statusuna keçidi sürətləndirməlidirlər. Bütövlükdə beynəlxalq təcrübə və yanaşmalar öyrənilib tətbiq edilməlidir.

Yaxın təcrübə kimi Türkiyə təcrübəsini qeyd etmək istərdim. Türkiyənin effektiv təhsil marketinqi təcrübəsi var, Estoniyanın isə alternativ və maraqlı yanaşmaları mövcuddur. Bu təcrübələrdən faydalanmaq çox önəmlidir.

Ölkənin təhsil imkanları beynəlxalq platformada peşəkar şəkildə təbliğ edilməlidir. Xarici məzunlarla iş qurmaq isə ən effektiv “yumşaq təhsil” vasitələrindən biri ola bilər. Yəni onlar öz ölkələrinə qayıtdıqda bizim təhsilimizin elçilərinə və xoşməramlı səfirlərinə çevrilməlidirlər. Buna görə tələbələrlə mütləq şəkildə davamlı iş aparılmalıdır.

Universitetlər beynəlxalq sərgilərdə iştirak etməlidirlər. Burada məqsəd sadəcə iştirak etmək deyil; onlar sərgidə öz fərqliliklərini nümayiş etdirməli, cəlbediciliklərini göstərməli və hansı imkanlarla seçildiklərini diqqətə çatdırmalıdırlar".

Hazırda bizim universitetlərin beynəlxalq reytinqlərdəki mövqeyi heç də cəlbedici deyil:

"Burda qarşıya müəyyən problemlər də çıxır. Universitetlərin daxili keyfiyyət təminatı sistemlərinin beynəlxalq standartlara tam uyğunlaşmaması, eyni zamanda xarici tələbələrə təhsil müddətində və ya sonra qısamüddətli iş icazələrinin verilməsi kimi miqrasiya güzəştlərinin yetərsizliyi də qeyd olunmalıdır. Mənim oğlum Almaniyada təhsil alır və Almaniya dövləti təhsil müddəti bitdikdən sonra bir illik iş icazəsi verir. İş vizasından bir illik müddət ərzində sən özünə iş tapa bilərsən. Tapdığın iş əgər səni və işəgötürəni qane edirsə, sənin kadr olaraq bu iş vizasını uzatmağın da mümkündür. Hesab edirəm ki, bu kimi miqrasiya güzəştlərinin olması çox önəmlidir.

Universitetlər həm də beynəlxalq reytinqlərdəki mövqeyi ilə çıxış etməlidir. Hazırda isə bizim universitetlərin beynəlxalq reytinqlərdəki mövqeyi heç də cəlbedici deyil. Mən hesab edirəm ki, burada təhsil haqqı məsələsi çox vacibdir. Təhsil müqabilində tələbədən alınan ödəniş, müasir təhsil bazarında artıq təkbaşına qərarverməyə təsir etmir. Xarici tələbə üçün universitet seçimi indi bir həyat tərzi və karyera investisiyası paketi kimi qiymətləndirilir".

Universitet daxilində tamamilə ingilis dilində tədris aparan fakültələrin sayının artırılması da ən təsirli üsullardan biri hesab olunur:

"Mən fərqli ölkələrin universitet modelləri ilə tanış olmuşam. Məsələn, Polşa, Macarıstan və Estoniya universitet modellərində ölkəmizə tətbiq oluna biləcək bir neçə maraqlı alət və praktik yanaşmalar var və bunları gətirmək məqsədəuyğundur.

Azərbaycanın coğrafi mövqeyi Mərkəzi Asiya, Yaxın Şərq və bəzi Afrika ölkələri üçün cəlbedicidir, yəni ölkəmiz burada regional mərkəz statusunu əldə edə bilər. Qeyd etdiyim ölkələrin tələbələri üçün Bakı həm mədəni baxımdan yaxın, həm də Avropa standartlarına inteqrasiya olunmuş bir platformadır.

Mən hesab edirəm ki, universitetlər həm bu regional mərkəz statusunu qazanmaqla, həm də qeyd etdiyim ölkələrin tələbələri üçün xüsusi tələbə təqaüdləri təsis etməlidirlər. Təqaüdlərə təhsil haqqı ilə bağlı müəyyən güzəştlər daxil edilə bilər.

Təqaüdlü proqramlar həmişə təhsilə marağı artırır və universitetlər xarici tələbələrə hansı üstünlükləri təklif edə bilər, hansı fərqlilikləri təqdim edə bilərsə, bunu mütləq paketlərdə göstərməlidirlər. Universitet daxilində tamamilə ingilis dilində tədris aparan fakültələrin sayının artırılması da ən təsirli üsullardan biri hesab olunur. Məsələn, ADA Universiteti, Bakı Ali Neft Məktəbi və UNEC demək olar ki, bu modeli artıq tətbiq edirlər.
Çünki tələbə sadəcə dərsdə deyil, həm də kitabxanada bufetdə beynəlxalq mühit axtarışındadır. Yəni universitetin hər bir guşəsində o beynəlxalq mühit axtarışındadır".

Peşəkar rəqəmsal marketinq strategiyası olmadan ən yaxşı təhsil proqramı belə diqqətdən kənarda qala bilər:

"Universitetlərin saytlarının keyfiyyəti, onlayn müraciət sistemlərinin sadəliyi və sosial media aktivliyi xarici tələbələrdə ilk təəssüratı yaradır və onları cəlb edir. Mən hesab edirəm ki, peşəkar rəqəmsal marketinq strategiyası olmadan ən yaxşı təhsil proqramı belə diqqətdən kənarda qala bilər.

Hazırda bir çox universitetin rəsmi saytları sanki dövlət idarəsinin saytını xatırladır; primitiv, cəlbedici olmayan və dar informasiyalarla məhdudlaşan quruluşları var. Bu, innovasiya yaradan, dəyər yaradan və rəqəmsallaşmanı genişləndirən bir təhsil müəssisəsinə yaraşmır. Universitet saytları daim yenilənməli, mükəmməl olmalı və rəqəmsal marketinq strategiyasının əsas platforması kimi fəaliyyət göstərməlidir. Eyni zamanda, sosial mediada aktivlik də çox önəmlidir və xarici tələbələr üçün universitetin tanınmasını artırır.

Beynəlxalq tələbələri cəlb etdikdən sonra onları ölkənin sosial-iqtisadi həyatına inteqrasiya etmək çox önəmlidir. Bu, bizim üçün həqiqətən böyük problemdir, çünki yerli şirkətlərdə təcrübə proqramlarının imkanlarının yaradılması tələbələrin ölkəyə bağlılığını artırır. Təəssüf ki, bu, bizim ən zəif tərəflərimizdən biridir.

Universitetlərimizin ən zəif nöqtələrindən biri də məhz bu sahədədir. Yerli tələbələr üçün də təcrübə imkanlarının yetərli olmaması müşahidə olunur; onlar təhsil aldıqları müddətdə nəzəri biliklərini praktiki bacarıqlara çevirmək imkanı qazanmaqda çətinlik çəkirlər. Bu boşluq həm yerli, həm də xarici tələbələrin təcrübə və peşə hazırlığını zəiflədir".
 

 

Pezeşkian özündən çıxdı - Sepah generallarını dəli adlandırdı
Son xəbərlərDaha çox