Bakı Mühəndislik Universitetində (BMU) Elm və Təhsil Nazirliyinin təşəbbüsü, Təhsilin İnkişafı Fondunun dəstəyi ilə həyata keçirilən IV “Maarifçi” tələbə-məzun təcrübə proqramı ilə bağlı infosessiya təşkil olunub.
AzEdu.az xəbər verir ki, universitetin Müəssisələrlə əlaqələr və karyera mərkəzinin təşkilatçılığı ilə gerçəkləşdirilən tədbirdə nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin əməkdaşı Səma Əliyeva və Məktəbəqədər ümumi təhsil şöbəsinin əməkdaşı Günel Məmmədova çıxış edərək proqram haqqında geniş məlumat veriblər. Bildirilib ki, universitetdə qazanılan nəzəri biliklərin praktik bacarıqlarla möhkəmləndirilməsinə imkan yaradan proqram bu il “Rəqəmsal gələcək” şüarı ilə keçirilir və 4 aylıq bir müddəti əhatə edir.
Qeyd olunub ki, proqramda sonuncu kurs bakalavrlar və magistratura səviyyəsində təhsil alanlar, həmçinin son 3 il ərzində təhsilini başa vurmuş məzunlar iştirak edə bilərlər. Seçilən iştirakçılar Elm və Təhsil Nazirliyinin müxtəlif struktur bölmələri və tabeli qurumlarında, regional təhsil idarələrində, eləcə də Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyində təcrübə keçmək imkanı əldə edəcəklər. Proqram çərçivəsində təcrübə imkanlarının yalnız humanitar sahələrlə məhdudlaşmadığı, maliyyə, iqtisadiyyat, informasiya texnologiyaları, tikinti, təchizat sahələri üzrə də təcrübə keçməyin mümkünlüyü qeyd olunub.
İnfosessiya zamanı tələbələrə qeydiyyat prosedurları barədə də məlumat verilib. Vurğulanıb ki, proqrama müraciətlər martın 11-də başlayıb və ayın 30-dək davam edəcək. Sonra test və müsahibə mərhələləri keçiriləcək. Bu mərhələlərdə iştirakçıların bilik və bacarıqları, həmçinin dünyagörüşü qiymətləndiriləcək.
Tədbirdə I, II, III proqramlar üzrə statistika da təqdim olunub. Proqramlardan ümumilikdə 102 nəfərin məzun olduğu, onlardan 50 nəfərin təhsil sahəsində müxtəlif struktur bölmələrdə işlə təmin edildiyi diqqətə çatdırılıb.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Proqramda iştirak etmək istəyənlər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər (//anket.edu.az/user/309).