Bakı Mühəndislik Universiteti (BMU) ilə Koreya Respublikasının İNHA Universiteti arasında icra olunan ikili diplom proqramının (BMU-İNHA İDP) tələbələri “Fibonacci” beynəlxalq robot olimpiadasının Azərbaycan mərhələsində müxtəlif kateqoriyalar üzrə yüksək nəticələr əldə ediblər.
BMU-dan AzEdu.az-a bildirilib ki, yarışmada İDP-nin elektronika mühəndisliyi ixtisasının III kurs tələbəsi Hakim Musazadənin təmsil olunduğu komanda “Mega Sumo” kateqoriyasında birinci yerə layiq görülüb. Komanda növbəti mərhələdə Antalyada keçiriləcək tura vəsiqə qazanıb.
İDP-nin elektronika mühəndisliyi ixtisasının III kurs tələbəsi Tahirə Bəylərovanın üzvü olduğu komanda “Maze” kateqoriyasında 11 saniyəyə labirinti tamamlayaraq birinci yerin sahibi olub. Bu ixtisasın digər III kurs tələbəsi Ülkər Rəhimlinin iştirak etdiyi komanda isə “Line Follower” kateqoriyasında 27 saniyəyə verilmiş xəritəni bitirərək üçüncü yerə layiq görülüb.
Olimpiadada Toronto Universiteti, Bolonya Universiteti, Edinburq Universiteti, Lazarski Universiteti və London Kollec Universiteti, həmçinin Türkiyənin bir sıra aparıcı ali məktəblərinin professorları qonaq qismində iştirak edib, texnologiya sahəsində yeni trendləri diqqətə çatdırıblar.
Tədbirdə, həmçinin müxtəlif dövlət qurumları və təşkilatların nümayəndələri iştirak edərək texnologiya, eləcə də təhsilin gələcəyi ilə bağlı düşüncələrini bölüşüblər.
Qeyd edək ki, “Fibonacci” beynəlxalq robot olimpiadasının növbəti mərhələsi aprelin 22-26-da Türkiyənin Antalya şəhərində keçiriləcək. Final mərhələsinin isə İtaliyada baş tutması planlaşdırılır.