Bakı Mühəndislik Universitetinin (BMU) magistratura səviyyəsində təhsil alan 8 tələbəsi Pekin İnşaat Mühəndisliyi və Memarlıq Universiteti (Beijing University of Civil Engineering and Architecture - BUCEA) ilə həyata keçirilən ikili diplom proqramı çərçivəsində təhsillərini davam etdirmək üçün Çin Xalq Respublikasındadır.
AzEdu.az xəbər verir ki, BMU ilə BUCEA arasında bu il imzalanmış əməkdaşlıq memorandumuna əsasən magistratura səviyyəsində iki model üzrə ikili diplom proqramı həyata keçirilir. Proqram “Memarlıq”, “İnşaat mühəndisliyi”, “Ətraf mühit mühəndisliyi”, “İnformasiya texnologiyaları” və “Maşınqayırma mühəndisliyi” ixtisaslarını əhatə edir.
Təhsil prosesi 0,5+2,5 il formatında təşkil olunur. Belə ki, tələbələr proqramın ilk semestrini BMU-da, növbəti semestrlərini isə BUCEA-da davam etdirəcəklər.
Proqramın əsas məqsədi beynəlxalq təcrübəyə malik, yüksəkixtisaslı və rəqabətqabiliyyətli mütəxəssislərin hazırlanmasıdır. Müəyyən edilmiş kriteriyalara uyğun olaraq seçilən tələbələr təhsillərini uğurla başa vurduqdan sonra hər iki universitetin magistr diplomunu əldə edəcəklər.