Fransada ali təhsil müəssisələri ciddi maliyyə böhranı ilə üzləşib və bu, ölkə universitetlərində etiraz aksiyalarının başlamasına səbəb olub.
AzEdu.az xarici KİV-ə istinadən xəbər verir ki, dövlət universitetlərinin büdcələrində yaranan təxminən 8 milyard avroluq maaliyyə boşluğu, akademik heyətin və tələbələrin narazılığına səbəb olub.
Böhran əsasən tələbə sayının artması, dövlət maliyyələşməsinin azlığı və inflyasiya ilə əlaqədar xərclərin artması kimi faktorlarla izah edilir. Həmçinin, universitetlərin avtonomiyasını artıran idarəetmə islahatları büdcə artımı ilə müşayiət olunmadığı üçün vəziyyət daha da gərginləşib. 2025-ci ilədək təxminən 900 müəllim-tədqiqatçı vəzifəsi ləğv edilib, gələcəkdə isə 8,000-ə qədər iş yeri risk altındadır.
Bu vəziyyətə cavab olaraq 20-dən çox təhsil və tələbə birliyi – o cümlədən UNSA, CFDT, FSU/SNESUP-FSU, CGT, SUD, FAGE, UNEF – universitet kampuslarında və Parisdə Təhsil Nazirliyi qarşısında etiraz aksiyalarına çağırış edib. Məqsəd dövlət büdcəsində ali təhsilə daha çox vəsait ayrılması və mövcud kəsirlərin aradan qaldırılmasıdır.
Etiraz aksiyaları artıq Fransanın bir çox universitetində başlayıb və ölkə daxilində geniş ictimai müzakirələrə yol açıb. Tələbələr və akademiklər bildirirlər ki, büdcə çatışmazlığı təhsil xidmətlərinin keyfiyyətinə ciddi təsir göstərir.
Fransa ali təhsil sistemində böhran və etiraz aksiyaları, ölkənin təhsil siyasətində ciddi dəyişikliklər edilməsinin vacibliyini ortaya qoyub.