Bakı Mühəndislik Universiteti (BMU) Qaqınlar Şurasının təşkilatçılığı ilə “Gender və məişət zorakılığı: Milli dəyərlər kontekstində” mövzusunda mütəxəssislə görüş təşkil edilib.
AzEdu.az xəbər verir ki, görüşün əsas məqsədi tələbələrdə gender bərabərliyi anlayışını inkişaf etdirmək, cəmiyyətdə mövcud stereotiplərlə mübarizənin vacibliyini diqqətə çatdırmaq və milli dəyərlərlə beynəlxalq gender prinsipləri arasında harmoniyanın əhəmiyyətini müzakirə etmək olub.
Tədbiri açılış nitqi ilə BMU-nun prorektoru, Qadınlar Şurasının sədri Ətrabə Gül açaraq bildirib ki, müasir dövrdə gender bərabərliyi cəmiyyətin davamlı inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Prorektor bu istiqamətdə maarifləndirici tədbirlərin keçirilməsinin gənclərin sosial məsuliyyətinin və hüquqi biliklərinin artırılmasına töhfə verdiyini vurğulayıb.
Sonra tədbirin qonağı və əsas məruzəçisi Daxili İşlər Nazirliyinin İnsan Alveri Qurbanlarına Kömək Fondunun sədri, Qadın Hüquqlarının Müdafiəsi Assosiasiyası yanında “Təmiz Dünya” mərkəzinin rəhbəri Mehriban Zeynalova çıxış edib. Məruzəçi gender əsaslı zorakılıqla mübarizə sahəsində apardığı araşdırmalar və bu istiqamətdə həyata keçirilən tədbirlər barədə məlumat verib.
Mərkəz rəhbəri çıxışında qadına hörmət anlayışı ilə gender bərabərliyi arasındakı fərqlərə toxunub, təhsil və ailə tərbiyəsinin stereotiplərin formalaşmasındakı rolunu izah edib. Eyni zamanda milli kimliyin qorunması ilə beynəlxalq gender prinsipləri arasında balansın qurulmasının mümkünlüyünü və bu prosesdə medianın məsuliyyətinin əhəmiyyətini diqqətə çatdırıb.
İnteraktiv formatda keçirilən görüşdə müasir ailələrin üzləşdikləri problemlər, sosial medianın münasibətlərə, ailə dəyərlərinə təsiri ətrafında geniş müzakirələr aparılıb və tələbələrin sualları cavablandırılıb.
Qeyd edək ki, tədbir BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin 5-ci istiqamətinin (Gender bərabərliyi ) təşviqi çərçivəsində təşkil olunub.