Bakı Mühəndislik Universitetində (BMU) Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyasının (AGTL) nümayəndələri ilə “Logistika və nəqliyyat texnologiyaları” ixtisası tələbələrinin görüşü təşkil olunub.
AzEdu.az xəbər verir ki, tədbirdə Mühəndislik fakültəsinin dekanı Asif Quliyev açılış nitqi ilə çıxış edərək görüşün tələbələrin biliklərinin daha da zənginləşdirilməsi baxımından önəminə diqqət çəkib. Bildirib ki, logistika və nəqliyyat sahəsi müasir iqtisadiyyatın ən dinamik və strateji istiqamətlərindən biridir. Bu sahədə fəaliyyət göstərən peşəkar qurumların nümayəndələri ilə birbaşa ünsiyyət tələbələrin gələcək peşəkar inkişafı üçün mühüm əhəmiyyət daşıyır.
Sonra görüşdə AGTL nümayəndələri çıxış ediblər. Qeyd olunub ki, müasir dövrdə logistika, nəqliyyat və gömrük sahələri qlobal iqtisadiyyatın, beynəlxalq ticarətin inkişafında xüsusi rola malikdir. Bu sahələrin səmərəli fəaliyyəti yalnız nəzəri biliklərlə deyil, eyni zamanda praktiki təcrübə, müasir yanaşma və peşəkar əməkdaşlıq ilə mümkündür. Bu baxımdan ali təhsil müəssisələri ilə sahə üzrə fəaliyyət göstərən təşkilatlar arasında əməkdaşlıq böyük önəm kəsb edir.
Görüş zamanı Assosiasiyanın nümayəndələri tərəfindən logistika və gömrük sahəsindəki fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verilib. Çıxışlarda sahədəki real iş təcrübəsinə əsaslanan konkret nümunələrlə izahlar təqdim olunub, logistika prosesləri və gömrük əməliyyatlarının praktik tətbiqi barədə tələbələrə dolğun informasiyalar çatdırılıb.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.