Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) təşəbbüsü ilə Azərbaycan Universitetinin tələbələri üçün mikromobillik vasitələrinin düzgün və təhlükəsiz istifadəsi, həmçinin bu sahədə zəruri vərdişlərin yaradılması məqsədilə maarifləndirici sessiya təşkil edilib. Sessiyanın məqsədi tələbələrə gündəlik həyatlarında faydalı olacaq bilik və vərdişlər qazandırmaq, ictimai mühitdə məsuliyyətli davranış mədəniyyətini formalaşdırmaq, müasir nəqliyyat növlərindən istifadə edilməsini təşviq etməkdir.
AzEdu.az xəbər verir ki, tədbirin birinci hissəsində AYNA-nın Kommunikasiya departamentinin böyük mütəxəssisi Ruhlan Əbülfəzzadə “Universitet mühitində mikromobillik mədəniyyəti” mövzusunda təqdimatla çıxış edib.
Təqdimatda agentliyin yaranması, fəaliyyət istiqamətləri, mikromobillik anlayışı haqqında məlumat verilib, maraqlı faktlar təqdim olunub. Agentliyin əməkdaşı təqdimatın ardından tələbələrlə mikromobillik mədəniyyətinin formalaşdırılması, təhlükəsiz hərəkət vərdişlərinin gücləndirilməsi və mövcud infrastruktur barədə fikir mübadiləsi aparıb, sualları cavablandırıb. Tədbirin ikinci hissəsində isə skuterdən düzgün və təhlükəsiz istifadə
bacarıqlarının gücləndirilməsi məqsədilə praktiki təlim təşkil olunub.